“Kitabi - Dədə Qorqud dastanındakı xitablar milli-mənəvi dəyərlərin göstəricisidir” adlı elmi seminarlar
03/10/2018Oktyabrın 3-də Bakı Dövlət Universiteti Filologiya fakültəsində “Dədə Qorqud” ETL-nın təşkilatçılığı ilə “Kitabi - Dədə Qorqud dastanındakı xitablar milli-mənəvi dəyərlərin göstəricisidir” mövzusuna həsr olunmuş elmi seminar keçirilib. Elmi-tədqiqat laboratoriyasının əməkdaşları Almara Nəbiyeva, Samirə Quliyeva, Ülviyyə İbrahimova, İlqar Hüseynov, İlhamə Babanlı, Rəna Cavadova, Nigar Qayyum, Aida Əzimova, Fərqanə Əliyeva seminar iştirakçıları III və IV kurs tələbələrinə laboratoriyanın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, “Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığının müasir inkişaf mərhələsində öz aktuallığını qoruyub saxlamaqdadır. Daha sonra elmi-tədqiqat laboratoriyasının əməkdaşı professor Adil Babayev “Kitabi - Dədə Qorqud dastanındakı xitablar milli-mənəvi dəyərlərin göstəricisidir” adlı elmi seminar ilə çıxış edib. Dastandakı xitablar, onların işlənmə məqamları və hal-hazırda dilimizdə qorunub saxlanma miqyası müzakirə edilib.
Sonda tələbələrin sualları cavablandırılıb və elmi-tədqiqat laboratoriyasının nəşr etdirdiyi kitab və jurnallarla tanış olublar.
