Home AZ | EN | RU

“Kitabi-Dədə Qorqud” eposunda xalqımızın milli adət və ənənələrinin əksi” mövzusunda elmi seminar keçirilib

17/03/2022

Martın 17-də BDU-nun Filologiya fakültəsi “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Kitabi-Dədə Qorqud” eposunda xalqımızın milli adət və ənənələrinin əksi (Novruz çərşəmbələri)” adlı elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan laboratoriya müdiri Almara Nəbiyeva iştirakçıları bayram münasibətilə təbrik edib, “Kitabi-Dədə Qorqud” dastanlarında əks olunan milli adət-ənənələrdən və müasir dövrdə də öz izlərini qoruyub-saxlayan bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən söz açıb: "Azərbaycan xalqının qədim qaynaqlarını özündə əks etdirən   bayramlarından biri də Novruz bayramıdır. NOVRUZ  bayramı həyatın və təbiətin yeni günüdür. Ulu əcdadlarımızın dövründən od, işıq, istilik, canlı  xeyrin, qaranlıq, soyuq, ölüm isə şərin əlamətləri sayılmışdır. Onların əsas tapındıqları təbiət və onun başlıca elementləri olmuşdur. Xeyirlə  şərin zamanı, yəni  yaz fəslinin gəlişi Novruz bayramının xeyir zamanının başlanmasının əsas əlaməti kimi götürülür.Novruz bayramı insanlar arasında bərabərlik, dostluq,   sülh bayramı olmaqla  yanaşı  milli və  bəşəri dəyərlərimizi özündə əks etdirən, xalqı firavan həyata, sülhə, dostluğa  çağıran  zəngin   əvəzsiz yaz bayramıdır. Novruz bayramı 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş, 2010-cu ilin 23 fevralında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-i dünyada “Beynəlxalq Novruz günü” elan edilmişdir".
Mövzu ilə bağlı məruzə edən professor Adil Babayev dastanda Novruz bayramı ilə əlaqəli yer almış mühüm məqamlardan bəhs edib, eposdakı bu cizgilərin milli-mənəvi dəyərlərimizlə bağlılığına toxunub. Bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli-mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir. Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir. Məruzədə o da diqqətə çatdırılıb ki,“Kitabi-DədəQorqud” dastanı bütün türk xalqlarının inancları əsasında yaranmışdır. Türklərin ən qədim təbiət bayramı Novruz iyirmi dörd türk tayfasının mədəni irsininizləri “Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapmışdır. Türklərin ən qədim təbiət bayramı Çin mənbələrində yeni eradan yüz illər öncə hunların yazın başlanğıcında bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir Novruz adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri mövcud olmuşdur. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi rituallarının təsviri əks olunmuşdur. Türklərin yazın gəlişini elliklə bayram etmələrinin kökü və məzmunu qədim “Ərgənəkon” dastanında bütün genişliyi ilə öz əksini tapmışdır. Burada əsarət altında məşəqqətli gün keçirən türk qövmünün öz əski yurduna dönüşü yazın ilk günü ilə bağlanılır və üç min il əvvəl bünövrəsi qoyulmuş adət - kürədə qızdırılmış dəmiri döymə törəni bu gün də ən yüksək ənənə statusunda icra olunur. Bu gün də müxtəlif coğrafiyalarda yaşayan, fərqli inanclara və tarixi-mədəni ənənələrə malik olan müasir türk xalqlarının, demək olar ki, hamısında yazın gəlişi rəngarəng bayram mərasimləri ilə qeyd olunur.
Sonra laboratoriyanın digər əməkdaşları Novruz bayramı ərəfəsində keçirilən çərşənbələrdəki adət-ənələr, mərasimlər, meydan tamaşaları, ümumən bayram ənənələri haqqında çıxışlar ediblər. Sonda məruzəçilərə suallar ünvanlanıb, məruzələr ətrafında müzakirələr edilib.

Bookmark and Share