Home AZ | EN | RU

İlaxır çərşənbədə etməli olduğumuz adətlər hansılardır?

16/03/2021

Çərşənbələrin sonuncusu   xalq arasında “İlaxır çərşənbə”,”Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi”. “ Çərşənbə-suri” və s. adlarla tanınır. Torpağın oyanması ilə əkinçilik həyatının başlanması öz əksini tapır. Torpağın oyanmasının mifik kökləri dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq türk etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı , həmçinin yaradılışın maddi əsası olması ilə bağlı olaraq sakral mifoloji semantikaya malikdir.
“Bu çərşənbənin şənlik və mərasimləri özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. İnsanlar sübh tezdən su üstünə çıxar, su üstündən hoppanar, arzusunu suya danışar və ondan imdad diləyərdilər. Xalqa qarşı ədalətsiz iş görənləri, ədavət salanları, nahaq qan tökənləri suya tapşırma xalq arasında geniş yayılmışdır. Axşam isə tonqallar alovlanar, üzərlik yandırılar, bacalardan torbalar sallanar, qulaq falı qurular, oyunlar oynanılardı. Ümumilikdə , ilaxır çərşənbədə torpaq əzizlənər, adamlar torpağı təmizləməyə çıxar, bostan və dirriklərdə müxtəlif ayinlər icra edilərdi. İlaxır çərşənbələrdə ev və çöl ilə bağlı çoxlu mərasim xarakterli adət-ənənələr vardır. Təmizlik- təmizlənmə elə aparılmalıdır ki, həyət-bacanın , ev- eşiyin təmizlənməsi, səliqə-sahmanı, gözəlliyi, yeni il- Novruz üçün hazılr olması dərhal nəzərə çarpsın. Novruz bayramı təkcə ilin təzələnməsi deyil, bütünlükdə köhnə ili yaşamış hər kəsin və hər şeyin təzələnməsi deməkdir. İnsanlar öz yaşadıqları məkanı təmizləyib-təzələdikləri kimi, ruhlarını da hər cür çətinliklərdən təmizləyib, yeni ilə yenilənmiş, ruhən və mənən yenidən doğulmuş halda keçirlər. İkincisi, təmizlik-təzələnmə zamanı köhnə sınıq, yararsız nə varsa atılmalı, uzaqlaşdırılmalıdır, yəni insanlar yeni ilə tam təzələnmiş, yenilənmiş halda keçə bilsinlər. Əgər sınıq, yararsız bir şey evdə qalardısa, bu, yeni ildə sınıqlığa, yararsızlığa, uğursuzluğa səbəb olardı.”
Bu fikirləri Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında söyləyib.
Bəs, axır çərşənbədə  etməli olduğumuz adətlər hansılardır?
Həmsöhbətimiz ilaxır çərşənbədə icra olunan bəzi ayin nümunələrini xatırladıb:
İlaxır çərşənbə gecəsinin dan qaranlığında, yəni sübhün gözü açılar-açılmaz axar su üstünə gedilər. Suya salam verib «ağırlığım-uğurluğum tökül» deyə-deyə 3 dəfə suyun üstündən hoppanırlar. Sonra sudan bir səhəngə doldurub gətirər həyət-bacaya, ev-eşiyə, paltar-palaz, mal-qara üstünə səpilir. Bu ilin xoş keçməsi, ağrı-acının olmaması istəyini ifadə edir.
Axır çərşənbədə un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət payalananda bağlı qalmasın.
Axır çərşənbə gecəsi ərgən qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə atarlar. Ayaqqabının burnu qapıya tərəf düşsə, demək yaxın vaxtda ərə gedəcək.
Axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuç duzu və bir-iki qara pulu kuzəyə qoyub damadan atarlar. Deyilənə görə, kömür qara günün, duz gözüşorluluğun, acgözlüyün, qara pul da yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub damdan atmaqda niyyət qara gündən, gözüşorluqdan, yoxsulluqdan qurtulmaq arzusudur.
İlaxır çərşənbədə baltanın küpüynən meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub deyərlər: «Nə yatmısan, oyan, bərəkət payını götür». Deyirlər, həmin il ağacların bəhəri, məhsulu bol olar.
Bayram tonqalı yanıb axıra yetəndə ocaqdakı közlərin üzərinə üzərrik səpib deyirlər: «Odumuza, ocağımıza kəm baxanın gözləri bax beləcə partdasın, özü də oda düşüb çatdasın».
İlaxır çərşənbədə gənclər, uşaqlar ocaq üstündən atdana-atdana murad tutub deyərlər:
Atıl-batıl çərşənbə,
Baxtım açıl çərşənbə».
və ya deyərlər:
Ağırrığım, uğurruğum,
Ağrım, acım,
Qadam, balam –
Hamısı tökülsün
Bu odda yansın.
Axır çərşənbədə dünyadan köçənlərin ruh bir anlığa evinə, oğul-uşağına, qohum əqrəbasına baş çəkməyə gəlir. Gün axşama qədər ev-eşikdə, qapı-bacada xoş ovqatlı, üzügülər olmaq, ətirli-dadlı yeməklərdən bişirmək gərəkdir ki, uluların ruhu – gəlib özlərindən sonrakıların gün-güzəranını xoş görsün ki, qayıdıb əmin-arxayın gedə bilsin.
İlaxırda uluların adını anmaq, ruhlarını şad etmək üçün evdəki şirin şəkərdən pay ayırıb qəbir üstünə getmək, yasin oxutdurmaq savabdı.
İlin axır çərşənbəsində səfərə yollanmaq olmaz. Yollansan, yeddi il ev-eşiyindən, rahatlığından ayrı düşərsən, getdiyin eşdən də xeyir götürməyin çətin məsələdir. Ona görə ilaxır çərşənbə axşamı hər kəs öz evində, oğul-uşağının yanında olmalıdır.
Axır çərşənbə axşamının səhərisi evdəki hər kəs gedib axar suyun üstündən 3 dəfə atılar, sonra da həmin axar suyun əl-ayaqdan uzaq bir səmtin də saxsıdan olan bir qab sındırıb deyərlər: «Nəki, ağrı-acımız, qada balamız varsa, hamısı bu şaxseynan getsin».
İlin axır çərşənbəsi və Novruzda kuzə falı, alma falı, cıdır falı, iynə falı, şam falı, ulduz falı, həmçinin bir sıra oyunlar, o cümlədən «Bənövşə», «Beşdaş» oyunu, «Papaqqapdı» «Qəpəq», «Cıdır», «Qələndər, ay Qələndər» və s. oyunlar, «Kosa-kosa», «Xanbəzəmə», «Dəvəoyunu» və s. tamaşalar oynanılır.
İlaxır çərşənbə süfrəsində «yeddiləvin, yeddilöyün» xonçası mühüm yer tutur. Xonça sini və məcməyiyə düzülmüş 7 cür nemət - çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurtadan ibarət olur. Bu zaman süfrədə həmçinin şirniyyat, çərəz, şam düzülməli, süfrələr göz doyduran olmalıdır. Adətə görə, xonça bayramın 12 günü süfrədə qalmalıdır. Azərbaycanın bəzi bölgələrində, xüsusilə Ordubadda ilaxır çərşənbə «yeddiləvin bayramı» adı ilə məşhurdur. Yeddi müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir.
İlaxır çərşənbə və Novruz bayramı süfrəsi üçün tutulmuş xonçada adları «s» hərfi ilə başlayan «Yeddi sin» adlanan 7 nəsnə olmalıdır. Buraya su, səməni, sünbül, sumaq, soğan, sulaq, sarımsaq daxildir. Bəzi tədqiqatçılar bildirirlər ki, «Yeddi sin» xonçasında yalnız şirin şeylər, yəni su, səməni, sünbül, süd, səbzi, səməni halvası və sucuq olmalıdır.
Ərdəbildə «Yeddi sin»  xonçasındakı məmulatların rəmzi mənaları vardır. Belə ki, «Sirkə»-gücü, «Sarımsaq»- səhhəti, «Səbzi»- ümidi, «Sumaq»- niyyət və bolluğu, «Sikkə» - zənginliyi, «Saat»- uzun ömrü, «Su» isə aydınlığı rəmzləndirir.
Tədqiqatçıların ümumi fikrinə görə «Həft sin» qədimlərdə «Həft şin» imiş; «şin» hərfi İslam dininin təsirilə «sin» hərfinə çevrilmişdir.


Yaqut Ağaşahqızı, “İki sahil”: http://ikisahil.az/post/204772-ilaxir-chershenbede-etmeli-oldugumuz-adetler-hansilardir-sherh

Bookmark and Share