Home AZ | EN | RU

Ülviyyə Hüseynovanın “Qədim roman dilləri” adlı dərs vəsaiti işıq üzü görüb

25/10/2019

BDU-nun Filologiya fakültəsi “Türkoloji araşdırmalar” ETL-in aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynovanın “Qədim roman dilləri”  (Bakı: Ləman Nəşriyyat Poliqrafiya MMC, 2019, 171 s.) adlı dərs vəsaiti çap olunub. Kitab bu sahədə ali məktəb tələbələri üçün yazılmış ilk dərs vəsaitidir.
Dərs vəsaiti Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Fransız dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub və “Qədim roman dili” fənninin mühazirələr mətnindən ibarətdir. “Qədim roman dili” kursu universitet fənləri (roman filologiyasına giriş, dilçiliyə giriş, ümumi dilçilik) ilə bərabər tədris olunmasına baxmayaraq, indiyədək bu fəndən heç bir dərslik və ya dərs vəsaiti olmayıb. Təqdim olunan əsər bu sahədə ilk təşəbbüsdür. Vəsaitdə nəzəri məsələlərlə yanaşı, tələbələrin müstəqil işinə daha çox diqqət yetirilir, mətnlər üzərində iş nəzərdə tutulur. Dərs vəsaitində təqdim olunan biblioqrafiya romanistikanın əsas məsələlərini işıqlandırır.
Qeyd edək ki, “Qədim roman dili” fənni II kursun ikinci semestrində tədris olunur. Qədim roman dillərinin tədrisində əsas məqsəd bakalavrların roman filologiyasına dair aldıqları bilikləri zənginləşdirmək, onları qədim roman dillərinin, itali dillərinin tarixi, yayılma arealı, mədəniyyəti, hind-Avropa dilləri flektiv quruluşunun əsas xüsusiyyətləri, itali dillərinin təsnifi, itali dillərinin – osk, umbr, volsk, cənubi pitsen (sabin), venet, ret, falisk, ekv, siqul dillərinin, xüsusilə etrusk və latın dillərinin ümumi və fərqli xüsusiyyətləri, onların yazılı abidələri, eləcə də roman dilçiliyinin problemləri ilə tanış etməkdir.
“Qədim roman dili” kursunda, ilk növbədə, itali xalqları və onların yerləşməsi, itali dillərinin tarixi, quruluşu, onların yazılı abidələri, itali dillərinin digər dillərlə – yunan, kelt dilləri ilə əlaqələri araşdırılır.
Kursun tədrisində tələbələr italilərin Apennin yarımadasında yayılması, terramarların Apennin yarımadasına gəlişi, onların mənşəyi, Apennin yarımadasında tunc dövrünün arxeoloji mədəniyyəti olan terramar mədəniyyətinin özünəməxsusluğu, İtaliyada dəmir dövrünün qədim mədəniyyəti - Villanova mədəniyyətinin mənşəyi, yayılması, əsas xüsusiyyətləri ilə tanış olurlar, bu məsələlərə dair bilikləri mənimsəyirlər.
Roma mədəniyyətinə təsir edən, itali dillərinin inkişafında özünəməxsus  rolu olan etruskların mənşəyi, romalıların etrusklardan sənət və tikinti texnikasını, dini konsepsiyanı mənimsəməsi, etrusk dili, onun tarixi və xüsusiyyətləri, əlifbası, etrusk əlifbasının türk mənşəli olması fərziyyəsi araşdırılır.
Növbəti mərhələdə tələbələr itali dillərinin təsnifini, osk-umbr dillərinin, latın-falisk dillərinin oxşar və fərqli cəhətlərini, yaranma səbəblərini, yayılma areallarını, yazılı abidələrini öyrənirlər. Burada bütün roman dillərinin dil əsasını təşkil edən latın dilinə xüsusi yer verilir, ulu dil olan latın dilinin klassik və vulqar (xalq) formalarından, İtaliyanın latınlaşdırılması prosesindən, Roma imperiyasının romanlaşdırılmasından və nəhayət, müasir roman dillərinin yaranmasından bəhs olunur. Bu məqamda tələbələr latın əlifbası, vokal və konsonant sistemləri, latın dilinin leksikası, mənşəyi, tarixi inkişafı, tərkibi, latın dilinin morfologiyası - ismin qrammatik kateqoriyaları, hal sistemi, sifət, əvəzlik, say, feilin qrammatik kateqoriyaları haqqında biliklər toplayırlar.
Dərs vəsaitində materialın daha yaxşı mənimsənilməsi üçün mətn şəkillərlə müşayiət olunur, latın dilində olan mətnlər üzərində  leksik-qrammatik təhlil aparılır, hər mövzudan sonra latın dilində olan məşhur aforizmlər və onlar haqqında məlumat verilir.
Mühazirə mətnlərinin hazırlanmasında İ.M.Tronskinin “Latın dilinin tarixinə aid oçerklər”, “Latın dilinin tarixi qrammatikası”, E.V.Fyodorovanın “Latın epiqrafikasına giriş”, V.İ.Modestovun “Roma tarixinə giriş”, T.B.Alisova, T.A.Repina, M.A.Tariverdiyevanın “Roman filologiyasına giriş” əsərlərindən istifadə olunmuş,  latın dili dərsliklərindən, qədim və müasir roman dillərinə aid internet saytları kimi müxtəlif mənbələrdən istifadə olunmuşdur.
Kitabın elmi redaktoru professor Əbülfəz Rəcəbli, rəyçiləri professor Aslan Məmmədli və dosent Cavanşir Muradovdur.
Kitabın müəllifi Ülviyyə Hüseynovanı ürəkdən təbrik edir, gələcək elmi fəaliyətində də uğurlarının davamlı olmasını arzulayırıq.

Bookmark and Share