“Müasir Türkiyə ədəbiyyatında postmodernizm (Orxan Pamukun “Qara kitab” romanı əsasında)” mövzusunda tələbə elmi seminarı keçirilib
15/03/2018Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Müasir Türkiyə ədəbiyyatında postmodernizm (O.Pamukun “Qara kitab” romanı əsasında)” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları, bakalavriat və magistrantlar iştirak edib. Elmi seminarın rəhbəri, I kurs magistrant İntizar Əlizadə tədbiri açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.
Mövzu üzrə məruzə edən Filologiya fakültəsinin III kurs tələbəsi Orxan Həsənzadə öncə modernizm və postmodernizm cərəyanları haqqında məlumat verib. O, hər iki cərəyanın bədii ədəbiyyatda təzahür formalarından danışıb, Türkiyə ədəbiyyatında, o cümlədən Orxan Pamuk yaradıcılığındakı postmodern əsərlərdən söz açıb. Xüsusilə yazıçının “Qara kitab” romanı haqqında məlumat verən məruzəçi əsərdəki maraqlı faktlarla fikrini izah edib, romanı dünya və Azərbaycan ədəbiyyatı nümunələri ilə müqayisə edib. Problemin diskussiya şəklində izahı və müzakirəsi tələbələrin marağına səbəb olub.
Sonra mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb, opponentlərin çıxışları dinlənilib. Dosent Fikrət Əlizadə və TEB-in rəhbəri Pərvin Eyvazov tələbənin çıxışını dəyərləndirdikdən sonra “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramov, magistrantlardan Aygün Əliyeva, Pərvin Rəhimov, İntizar Əlizadə, bakalavraitlardan Arzu Sadıqova, Səidə İsmayılova, Məcid Hicrani və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.
Sonda növbəti elmi seminarın mövzusu və məruzəçisi elan olunub.
