Home AZ | EN | RU

Mir Cəlal Paşayevin “M.Ə.Sabirin sənət dünyası” kitabının təqdimatı keçirilib

26/04/2017

Filologiya fakültəsində görkəmli yazıçı və ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin “M.Ə.Sabirin sənət dünyası” kitabının təqdimatı keçirilib. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edib. Kitabı BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Alxan Bayramoğlu tərtib edərək nəşrə hazırlayıb.    
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dos. Elçin Məmmədov təqdimatın Mir Cəlalın doğum gününə təsadüf etdiyini qeyd edərək, onun görkəmli alim kimi fəaliyyətindən, ədəbi irsimizin araşdırılması istiqamətindəki tarixi xidmətlərindən danışıb, “M.Ə.Sabirin sənət dünyası” kitabının tərtib olunmasını elm ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.  
Prof. Abdulla Abbasov çıxış edərək Mir Cəlalın alim və müəllim kimi fəaliyyətindən, onun ədəbi irsimizə, o cümlədən M.Ə.Sabir yaradıcılığına münasibətindən bəhs edib. Bildirib ki, Mir Cəlal müəllimin M.Ə.Sabir haqqında araşdırmalarını kitab halında toplayıb nəşr etdirmək ədəbiyyatşünaslıq elminə böyük töhfədir.
Sonra prof. Tofiq Hüseynoğlu, prof. Cəlil Nağıyev, prof. Ramiz Əskər Mir Cəlalın Azərbaycan elmi, ədəbiyyatı, təhsili sahəsindəki xidmətlərindən, onun ziyalı kimi şəxsi keyfiyyətlərindən söz açıb, kitabın elmi əhəmiyyəti barəsində fikirlərini bölüşərək maraqlı məqamalara toxunublar.
Sonda professor Alxan Bayramoğlu kitabdakı araşdırmaların aktuallığından danışıb, təşkilatçılığa görə fakültə rəhbəliyinə və iştirakçılara təşəkkürünü bildirib.

 

Bookmark and Share