Home AZ | EN | RU

“Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı elmi-pedaqoji seminar keçirilib

25/02/2020

BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı elmi-pedaqoji seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Açılış nitqi ilə çıxış edən fakültə dekanı Elçin Məmmədov müəllimlik peşəsinin çətinliklərindən, məsuliyyətindən və vacib cəhətlərindən danışıb, keçirilən seminarın tələbələr üçün mühüm əhəmiyyət daşıdığını və belə tədbirlərin davamlı təşkil olunmasını vurğulayıb.
Humanist pedaqogikanın himni səsləndirildikdən sonra “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri Zeynəb Əzimova, Sona Məhərrəmova, Dünya Quliyeva, Əfsanə İbrahimova, Badam Mursalıyeva və Samirə Şirinova müxtəlif mövzularda məruzə ediblər. Məruzələrdən sonra müəllimlik peşəsi ilə bağlı aforizmlərdən ibarət video-slayd nümayiş olunub, IV kurs tələbəsi Nigar Qayıbovanın nitqi ilə gələcəyin müəllimlərinin andiçmə mərasimi keçirilib. Daha sonra professor Mətanət Abdullayeva, Adil Xasayev çıxış edərək bu cür seminarların keçirilməsinin zəruriliyindən söz açıb, tələbələrə öz tövsiyələrini verərək onlara uğurlar arzulayıblar.
Sonda məruzəçilərə sertifikatlar, professor Mətanət Abdullayevaya və TEC-in sədri Məleykə Mirzəliyə təşəkkürnamələr təqdim olunub.

Bookmark and Share