Məmməd Arif Dadaşzadənin yubiley tədbiri
04/02/2015Prezident İlham Əliyev görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyi ilə əlaqədar tədbirlər hazırlanıb həyata keçirilməsi haqqında sərəncam imzalamışdır: Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyaşünaslığının və ədəbi tənqidinin formalaşması və inkişafında böyük rol oynamışdır. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanması işinə töhfələrini əsirgəməmişdir.
Sərəncama əsasən, 4 fevral 2015-ci il tarixində BDU-nun filologiya fakültəsində akademik Məmməd Arifin 110 illik yubileyi keçirilib.
Fakültə professor-müəllim heyəti, tələbə-magistrantların iştirak etdiyi tədbiri giriş sözü ilə açan dekan, dosent Məhərrəm Vəliyev tədbirin keçirilməsi haqqında Prezidentin sərəncamını xatırlatdı, M.Arifin Azərbaycan ədəbiyyatı tarixində qazandığı yüksək mövqedən danışdı: “Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafında Məmməd Arif Dadaşzadənin müstəsna xidmətləri vardır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olmuşdur”.
Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Tofiq Hüseynoğlu “Məmməd Arifin həyatı və yaradıcılığı” mövzusunda məruzə edərək böyük alimin elmi-pedoqoji fəaliyyətindən, ədəbi tənqidi və ədəbiyyat tarixi ilə əlaqədar yaratdığı çox yüksək elmi dəyərə malik səviyyəli əsərlərdən – o əsərlərdən ki, bu gün də elmi-nəzəri əhəmiyyətini və aktuallığını qoruyub saxlamaqdadır – geniş bəhs açdı. Alimin ədəbi-tənqidi, elmi-nəzəri monoqrafiya və məqalələrinin təhlilini verdi.
Daha sonra dekan müavini filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov Məmməd Arifin əsərlərinin müasir ədəbi mühitlə səsləşən məqamlarına xüsusi nəzər saldı.
M.Arif irsinin tədrisi BDU-nun filologiya fakültəsində xüsusi yer tutur. Onun çoxcəhətli yaradıcılığının müxtəlif sahələri ilə əlaqədar mövzularda kurs işləri, buraxılış işləri, magistr dissertasiyaları və filologiya üzrə fəlsəfə doktoru dissertasiyaları yazılır. Bu iş indi bütün ciddiyyəti ilə davam etdirilməkdədir.
