Home AZ | EN | RU

“Molla Pənah Vaqif: dövrü, yaradıcılığı və tədqiqi problemləri” mövzusunda dəyirmi masa keçirilib

06/04/2017

Filologiya fakültəsində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif: dövrü, yaradıcılığı və tədqiqi problemləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı dos. Elçin Məmmədov M.P.Vaqifin dövrü, mühiti və bədii irsindən bəhs edib. Bildirib ki, M.P.Vaqif Azərbaycan ədəbiyyatında o şairlərdəndir ki, özündən sonra ədəbi məktəb yaradıb. Şairin şeirlərini ilk dəfə ayrıca kitab şəklində Haşim bəy Vəzirov nəşr etdirib və bu gün onun əsərlərinin toplanması, nəşri və yaradıcılığının bəzi məqamları ilə bağlı polemik məsələlərə yenidən baxılmalı, şeirlərinin poetik strukturu, dil-üslub xüsusiyyətlərinin araşdırılmamış tərəfləri tədqiqata cəlb olunmalıdır. Dekan cənab prezidentin sərəncamına uyğun olaraq M.P.Vaqifin 300 illik yubileyi ilə bağlı elmi konfransın keçirilməsinin nəzərdə tutulduğunu və bu konfransın beynəlxalq strandartlar səviyyəsində yüksək şəkildə təşkil olunmasının zəruriliyini vurğulayıb, bununla əlaqədar kafedra müdirləri və müəllimlərə tapşırıqlarını verib.
Sonra söz Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Tofiq Hüseynoğluna verilib. O, M.P.Vaqifin qüdrətli söz ustası olmasından, ictimai-siyasi xadim kimi fəaliyyətindən danışıb. Professor Azərbaycan ədəbiyyatında M.P.Vaqifin həyatına həsr olunmuş bədii əsərlərdə Vaqif obrazının təqdimatı və onun bədii xüsusiyyətlərindən ətraflı bəhs edib, ayrı-ayrı şair və yazıçıların Vaqifə olan münasibəti barəsində məlumat verib. Bildirib ki, bır sıra görkəmli sənətkarlar kimi Yusif Vəzir Çəmənzəminli də “İki od arasında” romanında Vaqif obrazı yaradıb və əslində müəllifin əsəri ilk dəfə “Vaqif” adlandırması heç də təsadüfi olmayıb. Natiq vaqifşünaslığın bır sıra vacib problemləri ətrafında da fikirlər söyləyib.
Professor İfrat Əliyeva ədəbiyyatşünaslıqda M.P.Vaqif irsinin tədqiqi məsələlərinə toxunub. O qeyd edib ki, əslində şairin həyatı və yaradıcılığı yenidən və müasir elmin tələbələrinə uyğun şəkildə tədqiq olunmalıdır. Bunun üçün gənc tədqiqatçıları: tələbələri, magistrləri, doktorantları bu işə cəlb etmək, onlara yeni istiqamətdə mövzular vermək lazımdır. Həmçinin keçirilməsi nəzərdə tutulan konfransın elmi çəkisinin yüksək səviyyədə olmasına və gənclərin M.P.Vaqiflə bağlı araşdırmalarının yer almasına çalışmaq lazımdır.
Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər M.P.Vaqifin türk dünyasında görkəmli şair və dövlət xadimi kimi mövqeyindən, xarici ölkələrdə, xüsusilə türkdilli xalqlarda şairin irsinə münasibətdən bəhs edib.    
Dəyirmi masa şairin həyatı və yaradıcılığı ilə, eləcə elmi konfransın təşkil olunması ilə bağlı müzakirələrlə davam edib.

 

 

Bookmark and Share