Home AZ | EN | RU

Ömrün müdrik çağında 70 yaşlı Zemfira Şahbazova

07/07/2018

Ömrünü Azərbaycan elminin və təhsilinin, dilçiliyimizin inkişafına həsr etmiş, filologiya üzrə elmlər doktoru, professor  Zemfira xanım Şahbazovanın 70 yaşı tamam olur.

Zemfira Əsgər qızı Şahbazova 1948-ci il iyulun 7-də Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. 1955-1965-ci illərdə Göyçay rayonu 1 saylı tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş və 1970-ci ildə həmin fakültəni “Filoloq. Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirmişdir.
Z.Şahbazova 1970-1973-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olmuşdur. 1973-cü ildə görkəmli türkoloq, professor Əlövsət Abdullayevin rəhbərliyi ilə «Müasir Azərbaycan dilində ara söz və söz birləşmələri» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Elə həmin vaxtdan - 1973-cü ildən indiyə kimi o, Azərbaycan dilçiliyi kafedrasında müxtəlif vəzifələrdə çalışmaqla həm müəllim, həm də alim kimi Azərbaycan elminə və təhsilinə, o cümlədən türkologiyaya dəyərli töhfələr verməkdədir.
1971-1981-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedralarında laborant, baş laborant və saathesabı müəllim işləmişdir. 1981-1990-cı illərdə Azərbaycan dilçiliyi kafedrasında müəllim və baş müəllim, 1990-2015-ci illərdə isə həmin kafedranın dosenti vəzifələrində çalışmışdır.
Uzun illər türk dillərində əvəzliklərin öyrənilməsi istiqamətində araşdırmalar aparmış Z.Şahbazova çoxsaylı tədqiqatlarının nəticəsi kimi 2012-ci ildə «Müasir Azərbaycan dilində əvəzliklər» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2015-ci ildə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professor əvəzi, 2018-ci ildə isə həmin kafedranın professoru vəzifəsinə seçilmişdir.
Z.Şahbazova 2008-ci ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) «Azərbaycan dili və ədəbiyyatı» fənni üzrə ekspert kimi fəaliyyət göstərir. Bu müddətdə onun ali məktəbə hazırlaşan abituriyentlər, o cümlədən orta məktəb müəllimləri üçün dərs vəsaitləri, o cümlədən xeyli sayda məqalələri işıq üzü görmüşdür.   
Z.Şahbazova həm də respublikamızda fəaliyyət göstərən mötəbər elmi komissiyaların üzvüdür. O, 2008-2015-ci illərdə BDU-nun Filologiya fakültəsində Müdafiə Şurasının üzvü olmuş, 2015-ci ildən isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspertidir.
Dilçi alim ümumilikdə 11 kitabın, 100-dən çox elmi məqalənin və çox sayda proqramın müəllifidir. Onun elmi yaradıcılığının ana xəttini Azərbaycan dilinin qrammatik quruluşu təşkil edir. 1985-ci ildə çap olunmuş “Müasir Azərbaycan dilində ara sözlər və söz birləşmələri” adlı əsəri bu istiqamətdə aparılmış tədqiqatlar içərisində öz elmi çəkisi ilə seçilir.
Z.Şahbazova Azərbaycan türkologiyasında əvəzliyin tədqiqatçılarından biridir. Onun araşdırmaları ilə Azərbaycan dilçiliyində əvəzliyin etimologiyası, leksik-semantik xüsusiyyətləri, morfoloji əlamətləri, sintaktik vəzifə və funksiyaları kompleks şəkildə tədqiqata cəlb olunmuşdur. Alim “Azərbaycan dilində əvəzliklər” (2007), “Azərbaycan dilində əvəzliyin sintaksisi” (2007), “Azərbaycan dilində əvəzliyin morfologiyası” (2007), “Əvəzliyin qrammatikası” (2008), “Əvəzliyin linqvistik xüsusiyyətləri” (2018) adlı kitablarında türk dillərində əvəzliklərin qrammatik xüsusiyyətləri və dildə kommunikativ rolu, habelə bir nitq hissəsi kimi bu söz qrupunun varlığı haqqında ətraflı danışmış, məsələ ilə bağlı bir çox mübahisəli məqamlara aydınlıq gətirmişdir.
Z.Şahbazovanın tədqiqatlarında əvəzlik bir nitq hissəsi kimi müasir dil materialları əsasında öyrənilmiş, bu problem Azərbaycan dilçiliyində ilk dəfə monoqrafik şəkildə araşdırılmışdır. Zemfira xanım əvəzliyin nitq hissələri arasında yeri və mövqeyini əsaslandırmış, onların növləri və söz tutumunu dəqiqləşdirmiş, hər bir növünün özünəməxsus leksik-semantik xüsusiyyətlərini izah etmişdir. Onun bu sahədəki mühüm xidmətlərindən biri Azərbaycan dilindəki əvəzlikləri digər türk dillərində işlənən əvəzliklərlə müqayisəli şəkildə tədqiq etməsidir. Müqayisələr əsasən özünü əvəzliyin əhatə dairəsinin, sərhədlərinin, onun vəzifə və funksiyalarının çoxtərəfliliyində göstərir. Tədqiqatların elmi yeniliyini şərtləndirən başlıca cəhətlərdən biri sintaktik vahidlərin (ələlxüsus da, mürəkkəb cümlə komponentlərinin) və mətn komponentlərinin əlaqələnməsində əvəzliklərin rolunun araşdırılmasıdır. Bütövlükdə Z.Şahbazovanın dilçilik elminə verdiyi töhfələri belə ümumiləşdirmək olar:
-  Dilçiliyimizdə ilk dəfə olaraq vəzifə və funksiya anlayışlarını fərqləndirmişdir: vəzifəni nitq hissələrinə məxsus və onlara təhkim edilən anlayış kimi, funksiyanı isə sözün sintaktik situasiyada vəzifəsini dəyişərək sonradan qazandığı yeni keyfiyyət kimi izah etmişdir.
- Söz birləşmələri və cümlə üzvləri arasındakı ikili əlaqənin – daxili və xarici əlaqənin varlığından söz açmışdır. Tədqiqatçı belə qənaətə gəlmişdir ki, daxili əlaqə komponentlərin birləşərək bir yerdə çıxış etməsinə səbəb olan, xarici əlaqə isə birlikdə çıxış edən komponentlərin cümlədə qazandığı əlaqədir.   
- Əvəzliklərin məna növlərini müasir türk dilləri ilə müqayisəli şəkildə tədqiq etmişdir.
- Türk dillərində əvəzliklərin söz tutumunun bir-birindən fərqlənmədiyini və onların oxşar cəhətlərini göstərmişdir.
- Əvəzliyin həm morfoloji, həm də sintaktik vəzifə və funksiyalarını ayrı-ayrılıqda təhlil etmiş, onun məna növlərinin cümlə üzvü kimi yerinə yetiridiyi funksiyaları ilk dəfə geniş şərh etmişdir.
- Modal sözlərin nitq hissəsi kimi söz tutumunu araşdırmış, ara sözlərdən fərqli cəhətlərini dəqiqləşdirmişdir.
- Ara sözlərin əmələgəlmə yollarının ətraflı izahını vermişdir.
- Ara cümlə və əlavə cümlələrin cümlədəki funksiya və sərhədlərini müəyyənləşdirmiş, onların oxşar və fərqli cəhətlərini izah etmişdir.
- Modallıq kateqoriyasının izahında obyektiv və subyektiv modallığın əsas xüsusiyyətləri, ifadə vasitələri və cümlədəki istiqamətverici əlamətləri haqqında geniş söz açmışdır.  
- Ara söz və xitabların cümlədə obyektiv modallığa təsir etməsi, onların subyektiv çalarları və cümlə ilə xüsusi bağlılığı məsələlərinə aydınlıq gətirmişdir.
- İlk dəfə olaraq sintaksisdə sadə cümlənin üfüqi və şaquli genişlənməsindən bəhs etmişdir.
Məlum olduğu kimi, Azərbaycan dilinin qorunması və inkişafına yönəlmiş əsas məsələlərdən biri onun düzgün və sistemli tədris olunması, öyrədilməsidir. Qloballaşan dünyada milli dillərin qorunması, onların perspektivlərinin müəyyənləşdirilməsində tədris prosesi mühüm rol oynayır. Dil tədris prosesində təkcə ünsiyyətə xidmət etmir, müxtəlif fənlərin mənimsənilməsi, şagirdlərin formalaşmasında əsas faktor kimi çıxış edir. Bu mənada Zemfira xanım Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsində, xüsusən orta məktəblərdə Azərbaycan dilinin öyrədilməsi işində gərgin əmək sərf etməkdədir. O, Dövlət İmtahan Mərkəzinin əməkdaşı kimi ali məktəbə hazırlaşan abiturieyntlər və orta məktəb müəllimləri üçün “Azərbaycan dili və ədəbiyyatı“ fənninə dair dərs vəsaitləri hazırlamışdır. Onun “Ədəbiyyat nəzəriyyəsi (test tapşırıqları)” (2009), “Azərbaycan dili (VII sinif üçün test toplusu)” (2010), “Orfoqrafiya və orfoepiya lüğəti” (2012), “Azərbaycan dili (test toplusu)” (2013), həmmüəlliflərlə birgə yazdığı “Azərbaycan dili” (2016) kitabları Azərbaycan dilini öyrənənlər üçün dəyərli mənbədir.  
Çoxsaylı əsərlərin müəllifi olan Z.Şahbazovanın məqalələri həm respublikamızda, həm də xaricdə mötəbər elmi jurnallarda çap olunur. O xarici ölkələrdə keçirilən elmi konfransların fəal iştirakçısı kimi Azərbaycan elmini həmişə uğurla təmsil edir. Dilçi alim Türkiyə, Rusiya, Bosniya və Hersoqovina, Polşa və digər ölkələrdə təşkil edilmiş beynəlxalq qurultaylarda sanballı məruzələrlə çıxış etmişdir. Həmin məqalələrdə Azərbaycan dilçiliyinin müxtəlif problemləri əks olunmuşdur: “Cümlə üzvlərinin sintaktik funksiyasını dəyişərək ara sözə çevrilməsi” (1976), “Həmcins üzvlərin bağlanma vasitələri” (1982), “Azərbaycan dilində -ca, -çə formatı haqqında” (1984), “Təkrarların nitqdə rolu” (1985), “Həmcinslik kateqoriyası” (1999), “Həmcins üzvlərində qrammatik əlaqə məsələsi” (2001), “Vurğu qəbul etməyən şəkilçilər” (2003), “B.Vahabzadə dilinin estetikliyi” (2013), “Mürəkkəb sintaktik bütövlərin sərhədlərinin təyin-edilməsi haqqında” (2014), “Azərbaycan dilində bəzi əlaqə növləri haqqında” (2015) və s.  
Zemfira xanım eyni zamanda gözəl müəllim - pedaqoqdur. Ömrünün 45 ilini Bakı Dövlət Universitetinə bağlayan bu ziyalı xanım 40 ildən artıq müəllimlik fəaliyyəti ilə tələbələrinin rəğbətini qazanmışdır. Azərbaycan dilinin fonetikası, leksikası, morfologiyası və sintaksisi fənlərini tədris edərək öz elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini sıx şəkildə əlaqələndirə bilmişdir. Bizcə, Zemfira xanımın uğurlu elmi yaradıcılıq yolu ilk növbədə onun təcrübəli pedaqoq olması ilə bağlıdır. Çünki elmdə yeni faktları üzə çıxarmaq və problematik məsələlərin həlli yollarından biri fənnin sistemli tədrisidir. Mükəmməl tələbə-müəllim dialoqu isə bir alim üçün elmdə yeni cığır açmağa imkan verən əsas amillərdən biridir. Və Zemfira xanımın uzun illərə dayan təcrübəsi buna tam şəkildə əmin olmağa əsas verir.    
Zemfira Şahbazova həm də qayğıkeş və tələbkar elmi rəhbərdir. O, universitetdə yüksəkixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edir, rəhbərliyi ilə doktorluq dissertasiyaları müdafiə olunur.
Zemfira xanım eyni zamanda gözəl ailə başçısı – ANAdır. İllərlə addımladığı bu keşməkeşli və şərəfli yolda dörd övladını da layiqli mütəxəssis kimi yetişdirmişdir. Analarının yolunu layiqincə davam etdirən bu ziyalı övladlar: qızları Kəmalə və Nüşabə xanım dilçi, Rəna xanım tarixçi, oğlu Tural isə hüquqşünas kimi fəaliyyət göstərir.  
Zemfira Şahbazova həmçinin maraqlı həmsöhbət və yol yoldaşıdır. Onunla birlikdə Azərbaycanda və xaricdə neçə-neçə mötəbər elm məclisində iştirak etmişəm. Bu nurlu ziyalı ilə yol yoldaşı olan insan heç vaxt yorulmaz: öz söhbətləri və şən zarafatları ilə qarşısındakını darıxmağa qoymur və onun yanında zamanın necə gəlib-keçdiyi isə hiss olunmur. Xarici görünüşü, səliqəli və təmkinli davranışı, elmi söhbətləri ilə müsahibinin diqqətini çəkməyi bacarır.
Bəzən yoldaşlarla məktəb və universitet illərindən söhbət düşəndə “filankəs mənim müəllimim olub”, yaxud “filankəs mənə dərs deyib” cümlələrini işlədirik. Bu ifadələrlə tələbələrinə can yandıran, onlara bilik verən və həyatı öyrədən əsl ziyalıları fərqləndiririk. Bu mənada Zemfira xanım təkcə mənim müəllimim olmamış, yeri gəldikcə, mənəvi ana kimi çətin günlərdə dəstəyini məndən əsirgəməmişdir. Həmsöhbət olduğumuz anlarda həmişə dəyərli tövsiyələr verir, öz həyat təcrübəsindən gətirdiyi örnəklərlə məni həyatda möhkəm və mübariz olmağa həvəsləndirir. Keşməkeşli ömür yolu keçən Zemfira xanım həyatı boyu həmişə qarşılaşdığı çətinliklərdə heç vaxt əyilməmiş, mətinlik və mübarizlik nümayiş etdirməyi bacarmışdır. O bu gün də gənclik şövqü ilə çalışır, şux qaməti, əzəmətli görünüşü ilə diqqət çəkir, prinsipial mövqeyi ilə seçilir.  
Xaraktercə möhkəm və zahirən ciddi görünən, özünəməxsus ünsiyyət mədəniyyəti olan Zemfira xanımın sevgisini qazanmaq üçün bircə yol var: onun ürəyinə yol tapmaq. Ancaq bu, o qədər də asan iş deyil: onunla ünsiyyət qurmaq diqqət və səmimiyyət tələb edir. Zemfira xanım onun ürəyinə yol tapan həmkarlarına, sevdiyi, rəğbət bəslədiyi tələbələrinə daim diqqət və qayğı ilə yanaşır, onların problemləri ilə maraqlanır, çətin məqamlarda öz köməyini, tövsiyə və məsləhətlərini əsirgəmir.
Zemfira Şahbazova yaşının bu müdrik çağında da elmi-pedaqoji fəaliyyətini yorulmadan davam etdirir. Tələbələr bu təmkinli müəllimin mühazirələrini maraqla dinləyir, gənc müəllim və tədqiqatçılar onun təcrübəsindən bəhrələnilər. Bu gün də elmi axtarışlarını davam etdirən Zemfira xanım öz tədqiqatları ilə 100 yaşlı Bakı Dövlət Universitetinin elmi-ictimai həyatında, mötəbər elm məclislərində yaxından iştirak edir.
İnanırıq ki, gənc nəslə örnək tərcümeyi-halı olan Zemfira xanım öz zəngin elmi-pedaqoji təcrübəsi ilə bundan sonra da əzmlə çalışaraq ölkəmizdə elmin və təhsilin inkişafına öz dəyərli töhfələrini verəcəkdir.    
Zemfira xanımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ömrünün bu müdrik çağında ona möhkəm cansağlığı, ailəsinə, sevinc bəxş edən nəvələrinə xoşbəxt və səadət dolu günlər, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Pərvin Eyvazov

BDU-nun "Türkoloji araşdırmalar" ETL-in kiçik elmi işçisi

Bookmark and Share