“Ümumi dilçilik” dərsliyi və “Ümumi dilçilik müntəxəbatı” nəşr olunub
19/03/2020Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərovun “Ümumi dilçilik” (Bakı: “Təhsil”, 2020, 144 s.) dərsliyi işıq üzü görüb.
Dərslik müəllifin müxtəlif illərdə Bakı Dövlət Universitetində Ümumi dilçilik kursundan dediyi mühazirələr əsasında tərtib olunub. Və mövzular bilavasitə ilk mənbələr – dilçilik klassiklərinin əsərləri üzrə, mümkün qədər bütün polemik tərəflər ilə şərh olunarkən dərsliyin, ümumən kursun qarşısına belə bir məqsəd qoyulmuşdur ki, tələbələr müxtəlif nəzəriyyələrlə sadəcə tanış olmaqla kifayətlənməyib onları müqayisəli (və analitik) mənimsəmə təcrübəsinə yiyələnsinlər.
“Ümumi dilçilik” dərsliyində dil haqqındakı elmin predmeti, tarixi, tədqiqat metodları, dilin mahiyyəti, eləcə də daxili, yaxud sinxron və xarici, yaxud diaxron dilçilik məsələləri ilk mənbələr – dilçilik klassiklərinin əsərləri əsasında yığcam şərh olunur.
BDU-nun Ümumi dilçilik kafedrasının II kurs magistrantı Qismət Cəfərovun təhsil aldığı kafedranın 100 illiyi münasibətilə tərtib etdiyi “Ümumi dilçilik müntəxəbatı” nəşr olunub. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi dosent Məhəmməd Məmmədov, rəyçiləri professorlar: Məmmədəli Qıpçaq, Tofiq Müzəffəroğlu və Nadir Məmmədli, redaktoru isə Dəyanət Osmanlıdır.
Oxuculara təqdim olunan bu “Müntəxəbat” “Ümumi dilçiliy”in tədrisi işinə yardımçı vəsait kimi nəzərdə tutulub. Müntəxəbat Por-Royal qrammatikası haqqında məlumatla başlayır və sonra “Ümumi və rasional qrammatika”dan seçmələrin tərcüməsi verilir. “Müntəxəbat”a Frans Boppun, Rasmus Raskın tədqiqatlarından seçmələrin tərcüməsi, N.Cəfərovun tərcüməsində “İnkişaflarının müxtəlif dövrlərinə tətbiq edilməklə dillərin müqayisəli öyrənilməsi haqqında” (1820) məqaləsi və Ə.Rəcəblinin tərcüməsindən “Bəşər dilləri quruluşunun müxtəlifliyi və bunun bəşəriyyətin mənəvi inkişafına təsiri haqqında” əsərindən bir neçə bölmə daxil edilib. Dilçilik tarixində A.Şlayxerin də özünəməxsus yeri vardır. Müqayisəli-tarixi dilçiliyin də görkəmli nümayəndəsi olan A.Şlayxer ulu hind-Avropa dilini bərpa edən ilk tədqiqatçıdır. O, naturalizm dilçilik cərəyanının da banisi sayılır. Müntəxəbatda onun “Darvin nəzəriyyəsinin dil haqqında elmə tətbiqi” əsərindən seçmələr və “Hind-Avopa dillərinin müqayisəli qrammatikasının kompendiumu” əsərinin ön sözü daxil edilib. Görkəmli dilçi B.de Kurtenenin “Fonem” məqaləsindən sonra “Müntəxəbat”da F. de Sössürün “Ümumi dilçilik kursu” əsərinin “Giriş” hissəsinin beş fəsli verilib. “Müntəxəbat”a N.Cəfərovun tərcüməsində “Praqa dilçilik dərnəyinin tezisləri”, Lui Yelmslevin “Dil və nitq”, “Dilçilikdə struktur təhlil metodu” məqalələri, Frans Boasın “Amerika hindu dillərinə dair əl kitabı”na giriş, E.Sepirin “Dil”, V.Ərəbov, Q.Heybətovun tərcüməsində L.Blumfildin “Dil” əsərindən “Dil kollektivləri” başlıqlı hissə və A.Məmmədovun tərcüməsində N.Xomskinin “Dil və təfəkkür” əsərindən “Təfəkkürün tədqiqinə linqvistik töhfə (Keçmiş)” fəsli daxil edilib.
Kitabın elektron variantını buradan endirə bilərsiniz
