Ümumi dilçilik kafedrasında professor Əfqan Abdullayevin elmi seminarı keçirilib
01/04/2023Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında professor Əfqan Abdullayevin "Koqnitiv dilçilik: çağırışlar və perspektivlər" mövzusunda elmi seminarı keçirilib.
Mövzu ilə bağlı məruzə edən Əfqan Abdullayev koqnitiv dilçiliyin müasir dilçilik istiqaməti kimi formalaşması, elmi-nəzəri kökləri, müasir perspektivləri barədə geniş məlumat verib. Natiq qeyd edib ki, koqnitivlik yalnız dilçiliklə məhdudlaşmayıb ümumən elmin təbiətində dayandığından ona universal anlayış kimi baxmaq və multidissiplinar tədqiqatlarda bu amili nəzərə almaq mütləqdir. Professor koqnitiv dilçiliyin vətəni ABŞ-də aparılan koqnitiv tədqiqatlardan, xüsusən bu elmin inkişafında xidmətləri olan C.Lakoff və N.Xomski ilə tanışlıqları barədə də dinləyicilərə məlumat verib.
Məruzəçi eləcə də koqnitiv dilçiliyin digər dilçilik istiqamətləri ilə əlaqəsindən, onun anlayışları - konsept, konseptsfer, geştalt, freym, sxem, prototip və dünyanın dil mənzərəsi barədə ətraflı izahlar verib, bu istiqamətdə araşdırmaların aparılmasının əhəmiyyətindən bəhs edib.
Sonra məruzə ilə bağlı çıxışlar edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
