Home AZ | EN | RU

Novruz çərşənbələrində baxılan fallar nə dərəcə doğrudur?

15/03/2021

Təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, ölüb-dirilən tanrını özündə rəmzləşdirən Novruz bayramının zəngin və qədim bir mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində özünəməxsus yeri vardır.  Bahar (Novruz) bayramı türkün təbiətə bağlılığından gələn və ona duyulan sevgidən təşəkkül tapan təqvim bayramıdır.
Novruz bayramının adətlərindən biri də  xüsusilə çərşənbələrdə fala baxmaqdır. Maraqlıdır, çərşənbələrdə fala baxmaq adəti nəyə əsaslanır?
“Fal o biri dünya gücləri ilə rabitə yaratmaq məqsədi daşıyan ritualdır. Müəyyən şərtlərə əməl olunduğu halda insanın ruhlar aləmi vasitəsilə öz qədəri, taleyi haqda bilgilər əldə edə biləcəyinə  inam falçılığın əsasında dayanır. Gələcəkdən xəbərdar olmaq üçün o biri dünya  güclərinin verəcəkləri bilgilərə əski və ənənəvi cəmiyyətlər hər zaman ehtiyac duyubdur. Fal mifik düşüncəli insanın gözündə daha doğru bilgi verdiyi kimi gerçəkliyi də dəyişdirir, müəyyən psixoloji hal yaradır və irəlicədən dediyi sonluğa sövq etməklə özünü doğruldur, çünki özündəki öncəgörüm məqamlarıyla düz çıxırdı.”
Bu fikirləri Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında söyləyib.
M.Məmmədov qeyd edib ki, mifoloji və folklor mətnlərinin araşdırılması göstərir ki, ilk şamanlar daha çox falçı olmuşlar: “Bunu şamanların heyvan sümüyü ilə və ya oxla-yayla fala baxmaları təsdiq edir. Bir sıra əsərlərdə, o cümlədən «Səlcuqnamə» və «Kitabi-Diyarbəkriyyə»də savaşdan əvvəl aşıq falına baxıb falın göstərdiyinə görə hərəkət edən türk hökmdarlarından danışılır. Uyğurlarda fal kitabı «Irk bitiq» idi ki, buradakı «ırk» sözü əski türkcədə «fal» anlamını bildirmişdir. Falçılıq İslam dini ilə bir araya sığmayıb. Falçının sözlərinin həqiqət kimi qəbul olunması Tanrıya hörmətsizlik kimi qəbul edilmiş, «belə adamın 40 gecəlik namazı qəbul edilməz» deyilmişdir. Ümumiyyətlə, falları inanclardan kənarda təsəvvür etmək mümkün deyil. Çünki fallar birbaşa inamlar dünyası ilə bağlıdır. Fal sözün gücünə, təsiredici qüdrətinə inamın mövcud olduğu çağların məhsuludur. Fal qabaqcadan tutulmuş müəyyən niyyətin ayinin icrası ilə həyata keçib-keçməməsinə inam aktıdır.”
Həmsöhbətimiz vurğulayıb ki, Novruz falları əsasən axır çərşənbə ilə bağlıdır. Fallar niyə məhz axır çərşənbə, məhz yeni il qabağı icra edilir sualına isə bir çox tədqiqatçılar belə cavab verib: illərin qovuşduğu vaxt xalq arasında qorxulu bir dövr hesab edilir. Bu qorxulu dövrdə bütün qara qüvvələr öz sonlarının yaxınlaşdığını duyaraq son gecə əyləncələrinə toplaşırlar. Fal da  məhz həmin dövrə təsadüf edir.
Dosent  bildirib ki, "Çilə çıxartma" adlanan mərasimin icra edildiyi çərşənbə axşamını "qara çərşənbə", yaxud "ilin ağırı" adlandırırlar. Bir çox xalqlarda çərşənbə axşamı ağır, nəhs gün hesab edilmiş, xeyir iş görmək yasaq olunmuşdur. Çərşənbə gününün nəhs olması zərb məsəldə də öz əksini tapır: «Nə sən gəl, nə ilin axır çərşənbəsi». Bədxah ruhların falda iştirakı vacib olduğundan fal bu dövrdə icra olunur. Şər ruhların fəal olduğu dövrdə, xüsusilə gecələr və şər qarışanda, onları sevindirə biləcək bir hərəkət etmək, məsələn, ağlamaq, əli qoynunda oturmaq və s. əski etiqadlara görə günahdır. Bu dövrdə gülmək, şadyanalıq etmək vacib sayılır. Qışın yaz üzərinə hücuma keçdiyi dövrdə insanlar müxtəlif əyləncələr keçirməklə, bədxah qüvvələrə meydan oxumuşlar.
Bəs, çərşənbədə baxılan fallar nə dərəcədə doğru olur?
M. Məmmədovun sözlərinə görə, «Çərşənbə» sözü farsca hərfi mənada «çahar şənbə» demək olub, sözün qısadılmış şəklidir. Yəni «dörd şənbə». Mənasına gəldikdə bu, bir tərəfdən şənbənin ağır, çiləli günün dördqat ağır mənasını verirsə, ikinci bir tərəfdən şənbədən sonrakı günlərin sıra ardıcıllığına işarə kimi izah edilir. Ağırlığı ifadə edən şənbə günü və bu şənbədən sonra gələn dörd ağır günün ağrısı, acısı, çiləsi çərşənbə günündə insanların canından çıxır,  həmin gündə insanlar bədxah qüvvələrə meydan oxumaqla ağırlıqdan azad olur, yüngülləşir, təmizliyə, saflığa çıxırlar.
Həmsöhbətimiz əlavə edib ki, Novruz fallarına qulaq falı, üzüksalma falı, kuzə falı, qıfıl falı, başmaq falı, cıdır falı, iynə falı və s. daxildir: “Məsələn, «qulaq falı», «qulağagetmə», «qapıpusma» və s. adlarla tanınan, bəxti, niyyəti sınamaq məqsədilə icra olunan ayindir. Novruz bayramının ilaxır çərşənbəsində hava qaralandan sonra qulaq falına çıxırlar. Ürəyində niyyət tutan şəxs özü ilə bir qab su, güzgü açar götürüb qonşu qapılarına gedir. Xəlvətcə içəridə danışılan söz-söhbətə qulaq asır. Eşitdiyi ilk sözləri ürəyində tutduğu niyyətlə tutuşdurur. Əgər, sözlə niyyət arasında uyğunluq varsa, deməli, arzu, istək də həyata keçəcək. Yumurta falı qabaqcadan tutulmuş niyyətin xəbərvermə ayinidir. İlaxır çərşənbə gecəsi icra olunan həmin falda yumurtanı yük dolabının altına qoyurlar. Yumurtanın yanına qırmızı və qara rəngli boyalar da qoyaraq niyyət tutub yatırlar. Sabahısı gün sübhdən durub baxırlar. Əgər, yumurtada təsadüfən qırmızı boyalı xətlər, işarələr varsa, demək uğurludur. Tutulmuş niyyətdəki arzu, istək mütləq həyata keçəcək. Yox, əgər yumurtanın üstündə qara rəng əlaməti varsa, onda istək hasil olmayacaq. Kuzə falı zamanı ilaxır çərşənbə gecəsində yalnız gəlinlər, oğul-uşaq böyütmüş qadınlar bir evə toplaşırlar. Aralığa üzük, oymaq, düymə və s. nəsnələrini kuzənin içinə atırlar. Bir nəfər kuzəni bulaq, çay, göl suyu ilə doldurub evə gətirir və kuzənin ağzına güzgü qoyurlar. İlaxır çərşənbə gecəsinin səhəri nişan sahibləri kuzə olan evə gəlirlər. Balaca bir qız uşağı əlini kuzənin içinə salır. Oradan əlinə keçən nişanı çıxarır. İştirakçılardan biri uşağın çıxardığı nişana baxmadan «Vəsfi-hal» nəğmələrini xatırladan sözlər-bayatılar söyləyir. Nişan sahibi bu sözləri ürəyində tutduğu niyyətə uyğun yozur və s.”
Sonda  M.Məmmədov fikirlərini bu cür yekunlaşdırıb: “Fal İslam kodeksi ilə bir araya sığmasa da, ana-nənələrimiz hər zaman «Fala inanma, faldan da qalma» məsəlini üstün tutaraq bildikləri, eşitdikləri falları icra etməklə gələcəkdən xəbərdar olmaq istəmişlər.”
Yaqut Ağaşahqızı, “İki sahil”: http://ikisahil.az/post/204600-novruz-chershenbelerinde-baxilan-fallar-ne-derece-dogrudur-sherh

Bookmark and Share