Home AZ | EN | RU

İnsan kimi əziz, müəllim kimi əvəzsiz... (Professor Yeganə İsmayılovanın yubileyi münasibətilə)

31/10/2017

Düzünü desəm, nədən başlayacağımı heç bilmirəm. Deyiləcək, yazılacaq o qədər söz var ki, sanki birini yazsam, digəri küsmüş halda digər sözlərin arxasına qaçıb gizlənəcək.. Amma bu gün məndən inciməmələrini tapşırmışam onlara. Çünki bu gün böyük gündü. Bu böyük günün bu gün olmasının səbəbkarı isə Ustadımdı. Onun doğum günüdü.. Bu yazını da onun üçün yazmışam. Ona görə cümlələrim, sözlərim bir-birinə sevgi ilə bağlanıb.. Ondan yazmaq mənim üçün böyük bir qürur hissi olmaqla yanaşı, həm də sözlərimin üzərinə qoyduğum məsuliyyətdir. Çünki..sözlərim sizə Ondan danışacaq.
Elmi rəhbərim professor Yeganə İsmayılova 2005-ci ildən etibarən Bakı Dövlət Universitetinin sevgi dolu Filologiya fakültəsində müəllim işləyir. 2002-ci ildə ““Koroğlu” dastanında obrazlar sistemi” mövzusunda namizədlik, 2014-cü ildə ““Kitabi–Dədə Qorqud” dastanları və yazılı ədəbiyyat” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının ən böyük tədqiqatçılarından biridir. Prof. Asif Rüstəmli haqlı olaraq deyir ki, “Yeganə xanımı Dədə Qorqudun nəvəsi, Koroğlunun qızı” adlandırmaq olar. Onun elm aləminə verdiyi töhvələr o qədər böyükdür ki, yazmaqla, danışmaqla əsla bitməz. Ustadım ədəbiyyatın bütün sahələri üzrə öz izini qoyan bir alimdir. Elə 24.10.2017 tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında prof. Yeganə xanımın nəşrə hazırladığı Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabının təqdimat mərasimində prof. Tofiq Hüseynovun çıxışının sonunda söylədiyi ifadə bunu bir daha təsdiq edir: “Bu cür möhtəşəm tədbirin keçirilməsində əməyi olan şəxslərə, ən başda isə Feyzulla Qasımzadənin tədqiqatçısı prof. Yeganə İsmayılovaya eşq olsun”.
Onun elmi fəaliyyəti haqqında çox, çox kiçik də olsa, məlumat verməyi özümə borc bildim.. Əgər bu kiçik abzasım onunla tanış olmağınıza az da olsa kömək etdisə, bilin ki, çox xoşbəxtəm..
Bütün zamanlarda insanın həmişə əlindən tutana, yol göstərənə ehtiyacı olub. O mənim ən çətin anımda əlimdən tutmuşdu.. Birinci kursun əvvəli elmi iş götürməklə bağlı kiçik çətinlik yaşamışdım. Bu kiçik çətinliyi o qədər böyütmüşdüm ki, dərslərimdən, müəllimlərimdən, hətta universitetimdən belə “küsmüşdüm”. Təbii ki, uşaq ağlındaydım. İndi yadıma düşəndə dodaqlarıma bir ovuc təbəssüm oturur..
Bunu heç kimə demirdim. Bu məsələ barədə yalnız onunla danışmaq istəyirdim. Çünki bilirdim ki, məni anlaya bilən tək şəxs həftənin hər dördüncü gününə öz mühazirəsi ilə rəng qatan o müəllimdi. “Mən sənin elmi rəhbərin olaram” cümləsini ondan eşitdikdə elə bir dünyanı mənə vermişdilər. O qədər sevincli idim ki, söylədiyi sonrakı sözləri xəyal dünyamda olduğum üçün dinləyə bilməmişəm. Amma dəqiq bilirəm ki, onun rəvan sözləri uzun-uzadı bir çeşmə kimi qaynayıb axır, səsi ruhuma dinclik gətirirdi.
Universitetdə təhsil aldığım ilk vaxtlarda cızma-qara elədiyim şeirlərimi onun oxumasını çox istəyirdim. Zəngdə yaxınlaşıb bir-iki şeirimi göstərmək  istəyəndə, “bir-ikisini niyə, şeir dəftərini ver, evdə hamısını oxuyaram” dedi. Elə o vaxtdan onun öz tələbəsinə necə dəyər verdiyini gördüm.. Və elə o vaxtdan onu ürəyimin daha, daha, daha dərin qatından sevməyə başladım.
Elə indi də nə yazsam, ilk o oxuyar. İkicə misra belə yazsam, ona göndərirəm. Çünki onun mənə verdiyi “ümid işığı” yazacağım növbəti şeir üçün “ilham qığılcımı” olur.
Ustadımla tanışlığımızın ilk anını “yaddaş dəftərim”in ən gözəl yerinə gözəl xətlərlə yazmışam..
Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi olmaq uşaqlıq arzum idi. Mən heç vaxt özümü iki seçim arasında qoymamışam.. “Ya BDU-nun Filologiya fakültəsi, ya da heç biri” deyib, məqsədim uğrunda mübarizə aparmışam.
Universitetdəki ilk dərs günüm “unudulmazlar” siyahısının ilk sırasındadır. Çünki ilk dərsimiz professor Yeganə İsmayılovanın mühazirəsi idi.. Onu tanıdıqdan sonra bu universiteti, bu fakültəni niyə uşaqlığımdan bəri arzuladığımı anladım. Mən illər boyu onunla tanış olmağın həsrətini çəkirmişəm..  İlk dərs.. Sizcə, bu təsadüfdürmü? Məncə, yox.. Axı deyirlər ki, təsadüflər zərurətdən yaranır. Bu mütləq Tanrının işidir..
Düşünürəm ki, tələbə olan hər şəxs heç olmasa, bircə dəfə onun mühazirəsini dinləməlidir. Və o qədər gözəl danışır ki, bütün mühazirələrini dinləməyə can atacaqsız.. Əslində, düzünü desəm, onu bir ömür belə dinləsəm, doya bilmərəm. Haqqında yazmaq, danışmaq...qürurverici hissdir. Amma qəlbimdə ona qarşı yaranan EŞQin sözləri yazmaqla bitilməyəcək qədər çoxdur...
O, tək ədəbiyyatdan yox, tarixdən də danışır. Hər zaman da söyləyir ki, “ədəbiyyat tarixdə baş verən hadisələrin bədii şəkildə təsviridir”. Ədəbiyyatı tarixdən, tarixi isə ədəbiyyatdan ayırmaq olmaz.. Ustadım çox yaradıcı bir insandır. Keçdiyi hər bir dərsə yeni yazacağı əsər kimi baxır, nə vaxtsa qazandığı bilikləri ilə kifayətlənməyib, daim ədəbiyyatın inkişafı yollarında uğurlu addımlar atmaq üçün öyrənir və öyrədir.
Onunla ədəbiyyatdan söhbət edərkən gözlərinin içinə baxaraq əsl EŞQi görmək heç bilirsiz necə duyğudu?.. Bütün ömrüm boyu ona sevgi pəncərəmdən EŞQ gözü ilə baxmaq istəyirəm.
Mən ondan pedaqogika ilə psixologiyanı da öyrənirəm. Yerişi, duruşu, hərəkətləri, dərsi tədris edərkən istifadə etdiyi metod və üsulları...hər şey pedaqogikadı. Tələbələrə olan münasibəti isə müəlim psixologiyasının necə olduğunu öyrədir. Bütün bunlar məndə əsaslı şəkildə “mən də onun kimi müəllim olacam” ifadəsini söyləmək istəyini yaradır.
Onun mühazirələri sözün əsl mənasında mənəvi qidadır. Mütləq, mütləq dinləməlisiz... O qədər böyük ürəyə sahibdir ki, sevgisi hər kəsə yetə bilər.
Hər zaman həyatımda gözəl olan nə baş verirsə, onun sayəsində olur. Bütün uğurlarımın altında onun imzası, bütün sevinclərimin arxasında isə onun inamı dayanır. II kurs tələbəsi olsam da, universitetdə oxumağa başladığım ilk gündən indiyə qədər çox şey dəyişib.. Əldə edə bildiyim bütün uğurlar ustadımın mənə olan dəstəyi ilə olub. Hətta bu yazını da yazıramsa, yenə ona borcluyam. Sanki o məni böyük fəlakətdən qurtardı.. Elə bilirsiz, universitetdə oxuyan hər kəs savadlıdı..? “Ali təhsil” alıram deyən o qədər şəxs var ki... Mən çox qorxurdum.. Universitetə günümü keçirməyə gedib-gələcəyimdən qorxurdum. Bütün qorxularımı içimdən söküb ataraq “Sən bacaracaqsan!” dedi mənə.. Bəli, çünki mən onun tələbəsiyəm.. Mütləq bacarmalı idim..
Makedoniyalı İsgəndərin öz müəllimi Aristotel haqqında söylədiyi fikrə əsaslanaraq deyə bilərəm ki, “Ustadım məni yerlərdən göylərə qaldırır”.


Aynur MUSTAFAYEVA
Bakı Dövlət Universiteti
Filologiya fakültəsi, II kurs

Bookmark and Share