Home AZ | EN | RU

“Söz” Yaradıcılıq Birliyində Prezident mükafatçısı, gənc yazar Ramil Əhmədlə görüş keçirilib

16/04/2021

BDU-nun Filologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Söz” Yaradıcılıq Birliyinin növbəti onlayn görüşü keçirilib. Görüşdə Prezident mükafatçısı, İstanbul Universitetinin doktorantı Ramil Əhməd də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov gənc yazar Ramil Əhmədin ədəbi fəaliyyətindən, əldə etdiyi uğurlardan, fakültənin məzunu kimi şəxsi keyfiyyətlərindən söz açıb. Bildirib ki, R.Əhməd hələ  Filologiya fakültəsində təhsil aldığı illər öz bilik və bacarığı ilə seçilib, müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanıb.
Azərbaycan ədəbiyyat tarixi kafedrasının dosenti Məti Osmanoğlu qələmi universitetdə oxuduğu illərdə püxtələşmiş Ramil Əhməd kimi yazarların yetişməsində “Söz” Yaradıcılıq Birliyinin rolundan danışıb, belə görüşlərin mütəmadi keçirilməsinin tələbələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra söz Ramil Əhmədə verilib. O, çıxışında iştirakçılara ədəbiyyat sahəsindəki təcrübələrindən və dövrün ədəbi reallıqlarından geniş şəkildə bəhs edib, ədəbi fəaliyyətlə məşğul olan tələbələrə uğurlar arzulayıb.
Çıxışlardan sonra Birliyin üzvləri Gülay Tahirli, Fidan Hüseynzadə, Cəmil Cəmilbəyli, Ruslan Mustafayev və Mirkamil Ağazadənin qələmə aldıqları ədəbi nümunələr dinlənilib və bu nümunələr ətrafında müzakirələr aparılıb.

Bookmark and Share