Home AZ | EN | RU

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xuluflu nəşri işıq üzü görüb

20/09/2017

Azərbaycanda “Koroğlu” dastanının özünəməxsus söylənmə, toplanma, nəşr və tədqiq tarixi vardır. 1920-ci illərin əvvəllərindən “Azərbaycanı Öyrənmə Cəmiyyəti” də “Koroğlu”nun toplanmasına təşəbbüs göstərmişdir. Müxtəlif mətbu orqanlarında eposdan nümunələr, seçmələr, yeni yazıya alınmış parçalar çap olunmuşdur. Həmin illərdə bu sahədə ən səmərəli fəaliyyət göstərənlərdən biri isə folklorşünas alim, professor Vəli Xuluflu idi. 1927-ci ildə V.Xuluflu “Koroğlu”nun iki qolunu – “Toqat səfəri” və “Bağdad səfəri”ni, 1929-cu ildə isə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə “Koroğlu”nun on qolunun yenidən nəşr etdirmişdir. V.Xuluflu Koroğlu əhvalat, hadisələrini Tovuzda Aşıq Hüseyn Bozalqanlıdan toplamışdır.
“Koroğlu” dastanının 1929-cu il nəşrinin önəmli məqamlarından biri “Gürcüstanda yaşayan Ahıska türklərindən Koroğlu” dastanıdır. Bu, müstəqil və çox dəyərli bir variantdır. “Ahıska türklərində Koroğlu” aşığın söylədiyi mətndir, o dəyişdirilməmiş, işlənməmiş və redaktə olunmamşdır.  “Gürcüstan-Ahıska türklərindən Koroğlu” variantını Məhəmməd Bidzinov V.Xulufluya təqdim etmişdir. M.Bidzinov bu nağılı Ahıskada xalq aşığı Məhəmməd Yusifzadə Qoşayevdən yazıya almışdır.
Kitabı BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova nəşrə hazırlamışdır.
Kitab bu sahədə tədqiqat aparan alimlər, folklorşünaslar, magistrlər, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulmuşdur.

 

Bookmark and Share