Professor Nizami Tağısoyun “Qarapalpaq ədəbiyyatı” kitabının müzakirəsi
12/07/2016Bakı Dövlət Universiteti Filologiya fakültəsi Azərbaycan Şifahi xalq ədəbiyyatı kafedrasında professor Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabının müzakirəsi keçirilib. Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professor, müəllim heyəti, elm aləminin sayılıb-seçilən ziyalıları iştirak edib. Tədbiri kafedranın müdiri, professor Səhər Orucova öz çıxışı ilə açıq elan edərək qeyd edib ki, azsaylı türk xalqlarının mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri bu xalqın qədimliyinin bariz nümunəsidir. Qaraqalpaqlar da azsaylı türk xalqlarındandır. “Qaraqalpaq" adı tarixi ədəbiyyatda XVI əsrdən çəkilir. Digər türk xalqlarının ədəbiyyatına nisbətən, qaraqalpaq ədəbiyyatı az araşdırılmışdır. Bu baxımdan, Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabı təqdirəlayiqdir. Prof. Səhər Orucova bu kitabın məziyyətlərini vurğulayaraq, tədqiqatçılar, magistr və tələbələr üçün dəyərli bir mənbə olduğunu qeyd edib. Kitabın müəllifi prof. Nizami Tağısoya tədbirin təşkilində böyük rolu olan Səhər xanıma dərin minnətdarlığını bildirib: "Türk mədəniyyətini, adət-ənənələrini, folklorunu, klassik və müasir ədəbiyyatını araşdırıb qərara gəldim ki, bunlar haqqında yazım. Mənim düşüncəmdə bir əsas şey var: Türklər və türk ədəbiyyatı. Mənim kitab haqqında sözüm yoxdur. Bütün sözlərim bu kitabdadır”. Sonda müəllif kitab haqqında ona ünvanlanan sualları cavablandırıb.
Kitab haqqında dosent Məhəmməd Məmmədov da geniş şərhlər verərək monoqrafiyanın maraqlı cəhətlərini diqqətə çəkib: “Bu, kəmiyyət xatirinə yazılmış kitablardan deyil”. Eyni zamanda, kitaba daxil olan hər bölmə haqqında geniş şərhlər verən Məhəmməd müəllim görmək istədiyi məsələləri də müəllifin diqqətinə çatdırdı. Prof. Nizami Xəlilov, dos. Etibar Talıblı, dos. Kəmalə İslamzadə, dos. Ülkər Nəbiyeva, f.ü.f.d. Könül Həsənova, prof. Ramiz Əsgər, dos. Leyla Gərayzadə, f.ü.e.d. Yaqub Babayev, f.ü.e.d. Mahmud Allahmanlı, dos., ped..ü.f.d. Heydər Cəfərov, f.ü.e.d. Rüstəm Kamal, dos. Fərrux Məmmədov, AMEA-nın Folklor İnstitunun elmi işçisi Elçin Qaliboğlu bu kitabı “türkü türkə tanıdan” əsər hesab edərək müəllifə uğurlar arzu ediblər.
