Professor Sevinc Məhərrəmovanın tərtibatı ilə Ə.Cəfərzadənin “Anamın nağılları” kitabı Londonda ingilis dilində çap olunub
25/10/2017Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim, filologiya üzrə elmləri doktoru, professor Əzizə Cəfərzadə (1921-2003) özünəməxsus bir yaradıcılıq yolu keçib və onun ədəbi-bədii irsi özünün zənginliyi, əhatəliyi ilə diqqəti cəlb edir. Yazıçının çoxsaylı əsərləri arasında “Anamın nağılları” xüsusi yer tutur. Bu nağıllar Əzizə Cəfərzadənin anası Böyükxanımın dilindən toplanılıb. Bakı Dövlət Universitetinin Rus dilçiliyi kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sevinc Məhərrəmova 24 nağıldan 21-ni ingilis dilinə tərcümə edib. Kitab London şəhərində çap olunub. Alim tərcümə zamanı ana dilimizin milli koloriti, nağillardakı Azərbaycan dilinə xas olan gözəllikləri, incəlikləri, atalar sözləri, zərbi-məsəlləri, frazeologizmləri, tapmacaları, obrazlı ifadələri ingilis dilində uğurla təqdim edib, nağılların dərin, müdrik, fəlsəfi məzmununu ingilis oxucularına çatdıra bilib.
