Home AZ | EN | RU

Akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” adlı kitabının yeni - III nəşrinin təqdimatı keçirilib

25/10/2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın Əməkdar elm xadimi və Əməkdar müəllimi, filologiya elmləri doktoru, akademik Feyzulla Qasımzadənin  “XIX əsr Azərbaycan ədəbiyyatı” adlı kitabının yeni - III nəşrinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Millət vəkili İsa Həbibbəyli açaraq görkəmli alimin mənalı ömür yolu və elmi-pedaqoji fəaliyyətindən söhbət açıb. Akademik İsa Həbibbəyli “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabı haqqında məlumat verib. Qeyd edib ki, 1974-cü ildə işıq üzü görmüş bu dərslik 40 ildən çoxdur ali məktəb tələbələri və müəllimlərin stolüstü kitabına çevrilib. Bu yaxınlarda isə həmin kitab BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova tərəfindən təkmilləşdirilərək yenidən çap olunub. Yeni nəşrdə "XIX əsrin I yarısı - 1930-1940-cı illər Azərbaycan ədəbiyyatı", "1950-1960-cı illər Azərbaycan ədəbiyyatı" və "1970-1990-cı illərdə Azərbaycan ədəbiyyatı" adlı fəsillərdə geniş araşdırmalar aparılıb. Kitabda A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir, Ə.Nəbati, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov kimi görkəmli yazıçılar haqqında ayrı-ayrı oçerklər yer alıb. Bir sözlə, “Azərbaycan ədəbiyyatı tarixi” proqramına əsasən hazırlanmış dərslik ali məktəblərin Filologiya fakültəsinin tələbələri üçün tərtib edilib.
Sonra çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Azərbaycan elmində əvəzsiz xidmətləri ilə seçilən, ölkə elmi və ədəbiyyatının dünya səviyyəsində tanınmasına nail olan alimlərin, mütəfəkkirlərin zəngin elmi irsinin qorunub saxlanılmasının vacibliyindən danışıb. O, akademik F.Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabının yenidən nəşr edilməsi və kitabxanaya təqdim olunmasının xüsusi önəmini vurğulayıb. Bildirib ki, F.Qasımzadənin milli yaddaşımızı zənginləşdirən dərsliyi ali məktəb tələbələri və müəllimləri üçün olduqca dəyərlidir. L.İmanova kitabın MEK-in Mill Rəqəmsal Yaddaş Bazasına daxil edildiyini bildirib
Kitabı yenidən nəşrə hazırlayan və işıqüzü görməsində böyük əmək sərf edən BDU-nun professoru, filologiya elmləri doktoru Yeganə İsmayılova öz çıxışında bu unikal və zəngin məlumatlarla dolu olun dərsliyin yenidən çap olunmasının əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kafedra müdiri, kitabın rəyçilərindən biri, profesor Himalay Qasımov xalqımızın böyük alimi, akademik F.Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğində müstəsna xidmətləri olduğunu deyib. Bildirib ki, onun gərgin zəhməti və elmi axtarışlarının nəticəsi olan “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii düşüncənin təhlili baxımından dəyərli və əvəzolunmaz elmi mənbədir.
Tədbirdə Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, kitabın elmi redaktoru, professor Tofiq Hüseynov və başqaları çıxış edərək alimin həyat və yaradıcılığına dair fikirlərini bölüşüblər, yeni nəşr olunmuş kitabın elmi əhəmiyyətindən söz açıblar.
Sonra mərhum alimin tələbələri, akademik  Vasim Məmmədiliyevin, akademik Bəkir Nəbiyevin və akademik Ağamusa Axundovun, eləcə də oğlu akademik Fuad Qasımzadənin akademik Feyzulla Qasimzadə ilə bağlı fikirlərini bölüşdükləri video-çarxlar nümayiş etdirilib.
Sonda mərhum akademikin qızı, ADPU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti Nigar Qasımzadə ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, respublikanın tanınmış alimləri, ali məktəblərin müəllimləri və tələbələri, eləcə də KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bookmark and Share