Professor Yusif Seyidovun elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş seminar
26/11/2015Bakı Dövlət Universitetinin filologiya fakültəsində Dövlət mükafatı  laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor  Yusif Mir Əhməd oğlu Seyidovun elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş  seminar keçirilib. Seminarı giriş sözü ilə açan Azərbaycan dili və  ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Hüseyn  Əsgərov kafedranın yaradıcısı, professor Yusif Seyidovun ictimai, elmi  və pedaqoji fəaliyyəti haqqında danışıb və gələn il kafedranın 50 illik  yubileyinin keçiriləcəyini qeyd edib. Məruzəçilər dosentlər - Rəhilə  Quliyeva, Mətanət Abdullayeva və Əhəd Cavadov böyük elm xadimi,  Azərbaycan dilinin qrammatikasının öyrənilməsi sahəsində böyük  xidmətləri olan Yusif Seyidov haqqında maraqlı çıxışlar ediblər. Dosent  Rəhilə Quliyeva professor Yusif Seyidovun tələbəsi olaraq deyib ki,  Yusif Seyidov yalnız elm, mədəniyyət deyil, eyni zamanda, bütün  sahələrdə elmi yaradıcılıq sahibi şəxsiyyət idi. O qeyd edib ki, Y.  Seyidov dilçilik sahəsində məktəb yaratmış alimlərimizdəndir. Dosent  Mətanət Abdullayeva görkəmli alimin XI əsrdən bəri ədəbiyyat  nümayəndələrinin yaradıcılıqlarının bədii dilinin nəfis tərtibini  verməsindən və bu haqda onun bir neçə kitabından söz açaraq nümunələri  və hikmətli kəlamları diqqətə çatdırıb. Dosent Əhəd Cavadov isə böyük  alimi dərslik müəllifi kimi xarakterizə edib, onun dil, nitq problemi və  şagird psixologiyasına dərindən bələd olmasına dair dərsliklərdən  konkret nümunələr gətirib.
 Bundan əlavə, seminarda Yusif Seyidovun  dostu olmuş alimlər - filologiya fakültəsinin dekanı, dosent Məhərrəm  Vəliyev, professor Təhsin Mütəllimov, Xarici Dillər Universitetinin  professoru Adil Babayev, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının  müdiri, professor Tofiq Hüseynoğlu və dosent Məti Osmanoğlu öz  çıxışlarında Yusif Seyidovu orijinal dilçi, zövqlü ədəbiyyatçı və gözəl  insan kimi xatırlayıb, haqqında xatirələrini bölüşüblər.

 
                
                    


