Qazaxıstanın dilçi alimləri BDU-nun Filologiya fakültəsinin qonağı olub
02/06/2018Qazaxıstanın Pavlodar Dövlət Pedaqoji Universitetinin Rus dilçiliyi kafedrasının alimləri – professor Gülnarə Suyunova və dosent Olqa Andryuşenko BDU-nun Filologiya fakültəsinin qonağı olub. Görüşdə fakültə dekanı dosent Elçin Məmmədov, dekan müavini dosent Cavanşir Muradov, Türkologiya kafedrasının müdiri professor Ramiz Əskər, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak edib.
Qonaqları səmimiyyətlə qarşılayan dekan Elçin Məmmədov belə bir görüşdən məmnunluq duyduğunu bildirib, onlara universitetimiz haqqında ətraflı məlumat verib, BDU-nun Qazaxıstanın aparıcı universitetləri ilə filologiya isitiqamətində qarşılıqlı əlaqələrindən söz açıb.
Dekan müavini Cavanşir Muradov, professor Ramiz Əskər, fil.ü.f.d. Ülviyyə Hüseynova Qazaxıstanda və Azərbaycanda türkoloji mühit, BDU-da türkologiya və ümumi dilçilik istiqamətləri üzrə aparılan tədqiqatlar, həmçinin hər iki təhsil müəssisəsindəki tədris prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Professor G.Suyunova və dosent O.Andryuşenka Azərbaycana ilk gəlişləri olsa da, paytaxt Bakını çox bəyəndiklərini bildiriblər. Belə bir tanışlıqdan məmnunluq duyan qonaqlar bundan sonra hər iki universitet arasında dilçilik istiqaməti üzrə əlaqələrin inkişafının zəruriliyini vurğulayıb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş qarşılıqlı dialoq və müzakirələrlə başa çatıb.
