Home AZ | EN | RU

Qismət Cəfərov: Ədəbiyyat filosofu Nizaməddin Şəmsizadənin “Nəzəriyyəsi”

30/12/2017

Filologiya elmləri doktoru, professor N. Şəmsizadənin “Ədəbiyyat nəzəriyyəsi” kitabı nəzəriyyə tariximizdə ən son nəşr olunan dərsliklərdən biridir. Ədəbiyyatşünaslıq tariximizdə bir neçə mükəmməl olmayan nəzəriyyə kitabları çıxmasına baxmayaraq, bunların üçü digərlərindən fərqlənir: M. Rəfili “Ədəbiyyat nəzəriyyəsinə giriş”, M. Cəlal, P. Xəlilov “Ədəbiyyatşünaslığın əsasları”, Xalid Əlimirzəyevin “Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları”.
Bu sahədə fundamental kitab statusunu isə 2012-ci ildə geniş elmi, obrazlı düşüncəyə malik ədəbiyyatşünas alim N. Şəmsizadəyə məxsusdur. Professorun kitabını oxuduqda görürük ki, əsrimizin ədəbiyyat filosofu indiyə qədər yazılmış ədəbiyyatları saf-çürük etmiş və belə bir doğru qənaətə gəlmişdir ki, bu kitabların bir qismi sovet ideologiyasının təsiri ilə, bir qismi isə biri digərindən ciddi şəkildə fərqlənməyən kitablardır.
Kitabın çox maraqlı yaranma tarixi vardır. Belə ki, kitabın məhz Nizaməddin müəllim tərəfindən yazıla biləcəyinin mümkünlüyünü ədəbiyyatşünaslıq elmimizin patriarxı Bəkir Nəbiyev, prof. X. Məmmədov demiş və bu kitabın meydana gəlməsinin zamanının artıq çatdığını və vacibliyini xüsusi qeyd etmişlər. Çünki müəllimlərinə layiqli davamçı, tələbələrinə örnək olan professor qələmdaşlarından fərqli olaraq özündə elmi və obrazlı düşüncənin vəhdətini birləşdirmiş və tək Azərbaycan ədəbiyyatının tarixinə, tənqidinə, nəzəriyyəsinə, poetikasına deyil, həm də Qərb və Şərq ədəbiyyatlarına vaqif olmuşdur. Kitabın çapı ölkə mətbuatında birmənalı qarşılanmamışdır. Bunun da səbəbi elmi-nəzəri düşüncəsi ya olmayan, ya da zəif olan qeyri-peşəkarların həqiqəti əks etdirməyən, qərəzli “tənqid”ləri idi. Kitabın rəyçilərindən biri akad. N. Cəfərov kitabın yaxşı yazılmasını müəllifə bildirmiş, essevari yazıldığını da qeyd etmişdir. Amma kitaba birmənalı obrazlı yazılıb demək, fikrimizcə, doğru deyil. Nəzəriyyəçi alimin özü kimi fundamental “Nəzəriyyəsində” də elmilik və obrazlılıq vəhdətdədir. Kitab haqqında ən maraqlı və mükəmməl ifadə nəşriyyatın işçisi, filoloq Cavid Cəfərova məxsusdur. Cavid Cəfərov kitabı oxuduqdan sonra müəllifə belə bir sual vermişdir: “Bu kitabın müəllifi adi insanlar içərisində necə yaşayır?” N. Şəmsizadə vurğulayır ki, bu sual dünyamda mənə verilən və cavab verə bilmədiyim sual idi. Fikrimcə, bu sualın mürəkkəb olduğu qədər sadə, sadə olduğu qədər mürəkkəb bir cavabı var: Prof. N. Şəmsizadə bütün dövrlərin qəm şairi, daim mütaliəsinə daldığı Füzuli kimi “alilikdən adiliyə” enib adi insanların içərisində yaşasa da, tək onlarla söhbət eləmir, yaşamır, həm də ədəbiyyatla, sözlə, Füzuli, Sabirlə yaşayır, onların orbitində böyük bir ədəbiyyatşünaslıq yarada bilir.
Fundamental Nəzəriyyə kitabının strukturuna nəzər salsaq, görərik ki, belə kitablar hər saat meydana çıxmır, belə orijinal kitabların (mən deyərdim ki, şedevr!) yaranması üçün uzun illərin axtarışları, alim eredusiyası lazımdır. “İnsan yaşadığı mühitdən çox, doğulduğu təbiətə bənzəyir” deyən Şəmsizadə, öz sözləri ilə desək, qədim türk obası olan Qubanın təbiətinə bənzəyir və soyuq bir dekabr günündə ağlaya-ağlaya Süleymana belə qalmayan bu ədalətsiz dünyaya nə gələndə, nə də gedəndə rəyimizi soruşacaqlar. Nə gəlmək, nə də getmək, özü demiş, mənlik deyil. Bircə onu düşündü ki, mən kiməm?! Və bu dünyada nə axtarıram?! Bu dünyada verilən ömür payını necə yaşamağı düşündü. Hadisə sayılan Nəzəriyyə kitabını Qubanın təbiəti ilə üz-üzə oturub (2 il düşünüb, 40 günə yazıb) yazdı. Və elmimizə, müəllifinə şöhrət gətirilən orijinal mülahizələrlə dolu bu kitab bir daha göstərdi ki, müəllimlərimizin müəllimi elmdə tarix yaradan şəxsiyyətlərdəndir.
“Ədəbiyyat nəzəriyyəsi” müəllifin özündən gətirdiyi sitatla başlayır:
Söz olmasaydı, Dünya olmazdı.
Allah əvvəlcə sözü, sonra da Dünyanı yaratdı.
Tək Azərbaycan universitetlərində deyil, bir sıra ölkələrin də (Məs, Türkiyənin Qars, Özbəkistan, Daşkənd...) universitetlərində tədris olunan (və metodologiyası öyrənilən!) fundamental adlandırdığımız (və adlandırılan) nəzəriyyə kitabının orijinallığı, novatorluğu nədədir? Müəllifinə və elmimizə şöhrət gətirməsinin səbəbi nədir? Bunları tezis şəklində belə sistemləşdirmək olar:
1) Sufi-nöqteyi nəzərdən yazılmışdır. İlk dəfə olaraq ədəbiyyata sufi tərif (əslində bu tərif daha mükəmməldir, çünki bizim ədəbiyyatımızın köklərində sufizm, Şərq ədəbiyyatı, intibahı (humanizmi) dayanır. – Q. Cəfərov) verilmişdir: “Allah əmanəti olan insan ruhunun sözdə cism və can bulmasına ədəbiyyat deyilir” (N. Şəmsizadə)
2) Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatı yalnız klassik nümunələr əsasında öyrənir. – N. Ş. (burada klassik sözü dövr mənasında başa düşülməməlidir. – Q. C.)
3) Yazıçı şəxsiyyəti və yaradıcılıq prosesi bölməsində professor N. Şəmsizadə ən böyük tənqidçilərdən biri Belinskidən (müdafiə etməsə belə, ən böyük tənqidçi!) sitat gətirir. Belinskinin məşhur “Yazıçı şəxsiyyəti onun əsərində öz inikasını” tapmalıdır tezisini xatırladır. “Əgər onlar olmasaydı” kitabında da alim yenə, onun ifadəsi ilə desək, böyük tənqidçi, görkəmli şeirşünas Belinskidən sitat gətirir: “Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi bir şöhrət var”. Bu mövzunu ustalıqla tədris edən Şəmsizadə yaradıcılıq prosesində təhtəlşüurun, ruhun, ilhamın rolunu xüsusi qeyd edir, bu mürəkkəb sirli prosesdə düşüncənin, ağlın rolunu qəbul etmir. Və şair özünü yazır tezisini tez-tez yada salır. Elə bilirik ki, professor haqlıdır, amma yaradıcılıq prosesində ağlın, elmin rolunu tam da inkar etmək olmaz, çünki söhbət bütün ədəbi növlərdən gedir, tək lirik növdən getmir. Və nəzəriyyəçi alim yazır: “Bədii yaradıcılığın özünəməxsus psixologiyası var. Onu keçmək çox ağrılı və əzablıdır. O, elə bir ağrıdır ki, onu yalnız uğurlu əsərin sevinci sağalda bilər. Belə ağrının həzzini yalnız böyük istedad sahibləri dada bilər. (N. Ş.) Alimin türk ədəbiyyatşünası İsmayıl Hikməti xatırlaması təsadüfi deyil. İsmayıl Hikmət yazır: “İlham pərisinin büllur gərdəninə istibdad zənciri vurulmaz, ipək saçlarına istiqlal çələngi hörülər”. Bədii işarə daha çox poetik, bədii obraz daha çox fəlsəfi anlayışdır deyən azərbaycanşünas alim yazır: “Obrazı tapmaq bədii yaradıcılığın yarısı deməkdir. Obrazlı desək, obrazın atası Həqiqət, anası Xəyaldır. Onlar bədii obrazda estetik gözəlliyin zəhnidir””. Ədəbiyyata (nəzəriyyəyə)həmişə sosioloji deyil, bədii fenomen kimi yanaşan alimin bu sözlərindən sonra nöqtə qoymaq lazımdır, vergül yox. “Ədəbiyyat, bədii söz insanın (yaradılışın, ruhun şah əsərinin) özünə ucaltdığı əbədiyyət abidəsidir”.
4) Ədəbi proses: Yazıçı, tənqidçi və oxucu bölməsində möhtəşəm müəllimim özünəməxsus orjinal fikirlər irəli sürür. Onun öz orjinallığını itirməyən "tənqid ədəbiyyat nəzəriyyəsinin gənclik çağıdır" (N.Ş) fikrinin işığında tezis kimi deyilməmiş "Romantika romantizmin (cərəyan) gənclik çağıdır" fikrini irəli sürdüm. "Bədii əsərin ilk tənqitçisi elə onun müəllifidir" (N.Ş) qənaətinə gələn professorun fikri birmənalı qarşılanmasa da, elə bilirəm ki, o, bu fikrində də haqlıdır.
5) Bədii əsərin Arxitektonikası bölməsində bədii obraz, xarakter, tip məsələlərindən bəhs etmiş və ilk dəfə belə bir mülahizə yürütmüşdür ki, sujet və kompozisiya bədii əsərin arxitektonikasını təşkil edir. Və professorun belə bir fikri tamamilə doğru, məntiqlidir ki, sujet, kompozisiya, bədii dil bədii əsərin formasına aiddir. Onu da qeyd edək ki, bu kitabda sujetin bizə məlum olmayan, az işlənən atributları (qəm, intriqa, stikasiya, kolliziya..) da yer almışdır. Və fundamental “Nəzəriyyə” kitabında sujetlə fabulanın fərqi izah olunmağa çalışılmışdır. Alim belə bir doğru qənaətdədir ki, əgər termin yaradılıbsa, deməli ona oxşar, hətta eyni hesab etdiyimiz termindən fərqi var.
6) “Üslub bədii ədəbiyyatın sinir sistemidir” (N.Ş) deyən prof. bədii əsərin dil-üslub xüsusiyyətlərinə ayrıca bir bölmə həsr etmişdir. Onun fikrinə görə dil millətin kodlaşmış yaddaşı, mənalı işarələr sistemidir. “Ədəbiyyat nəzəriyyəsi” müəllifinin bədii mətn hormoniyası tapılmış dil işarələri sistemidir tezisi ənənəvi deyil, novator fikirdir. Prof. Üslubdan danışanda “Üslub-insandır” (Buffon), “Fərdi üslub insanın rəngidir. Öz üslubu olmayan adamlar gecənin qaranlığında görünməyən pişik kimi nəzərə çarpmırlar” (V.Vinoqradov), “Üslub bütün üslubların dəf edilməsidir” (Zül Renar), yaxud bu fikri: “Üslub naşiri bu söz deməyə məcbur edir: -Aha, bu həmən yazıçıdır” kimi sitatlar gətirir.
7) “Ədəbi növlər və janrlar” bölməsində növlərin və janrların tarixinə bir nəzər edilmiş, maraqlı mülahizələr irəli sürülmüşdür. Professor epik növün roman janrının yerini belə müəyyənləşdirmişdir: “Roman bədii janrların ən möhtəşəmi, ədəbiyyatın qocalıq şəklidir. O xalq həyatının bədii təcəssümüdür. Əgər xalq romanda özünü görmürsə, deməli yazıçı mənasız təsvirlə məşğul olub. Milli xarakter milli romanın bel sütunudur. Lakin dahiyanə roman İnsan, Cahan və Zaman münasibətlərini təhkiyənin mərkəzinə gətirir”. Və alim roman haqqında orjinal fikirlərini belə yekunlaşdırır: “Roman təfəkkürü epos təfəkkürünün layiqli varisidir. Roman ədəbiyyatda realizmi qüvvətləndirir, onun estetik əhatə və təsir dairəsini genişləndirir, onu xalq həyatına və milli mənəviyyata yaxınlaşdırır. Roman tarixi gerçəkliyin bədii portretidir”. Epos janrı haqqında isə “o xalqlar ki böyük epos mədəniyyəti yaradıblar, onlar müharibələr aparmış xalqlardır” tezisini irəli sürür. Hekayə janrından danışanda unudulmaz müəllimi (kitabları ilə bizə də müəllimlik edir- Q.C.) Firudin Hüseynovun “Adi əhvalatlarda böyük həqiqətlər” kitabının adını çəkir və hesab edir ki, bu ad epik bir janr kimi hekayəyə məxsus başlıca xüsusiyyəti əks etdirir. Və Nizaməddin  Şəmsizadənin hekayə haqqında öz mövqeyi (ömür mövqedən başlanır – N.Ş) belədir: “Hekayə ədəbiyyatın diş ağrısıdır. Balaca bir diş əsəb sistemini oyadıb lərzəyə gətirdiyi kimi, hekayə də ədəbiyyatı hərəkətə gətirir” (N.Ş). Nəzəriyyəçi alimin faciə janrı haqqında mülahizələri olduqca maraqlıdır: “faciə universal janrdır, təbiətin harmoniyasını qorumaq məqsədi ilə yazılıb, bir janr kimi faciəyə həm də fəlsəfəlik xasdır”. Komediya janrı haqqında isə fikirləri tamamilə obyektivdir: “Komediya ən çox XX əsrdə - Sovet dönəmində tənəzzül keçirib. Kommunizm cəmiyyətində hər şey ideal olduğundan gülməyə əsas yox idi, faktiki olaraq gülüş qadağan idi. Əslində cəmiyyətin özü komediya idi”. (N.Ş)
8) Professor “Bədii sistemlər və ədəbi cərəyanlar” bölməsində də orijinal fikirlər irəli sürmüşdür. Onun fikrinə görə də intibah və sufizm bədii sistemlərdir. “Ən böyük bədii sistem intibah ədəbiyyatı neçənci əsrləri əhatə edir, Ümumşərq və Azərbaycan intibahları fərqli hadisələrdi?” kimi suallarıma verdiyi cavab bu mübahisəli məsələ haqqında fikirlərimə bir işıq saldı. Professor belə bir fikirdədir ki, XIX əsrə qədər Ümumşərq və Azərbaycan anlayışlarını ayrıca fərqləndirmək olmaz. Və intibah IX əsrdən – Ömər Xəyyamdan başlayıb, XVI əsrə - Füzuliyə qədər davam edir. O, ədəbi cərayan olmaq üçün “izm” şəkilçisini xüsusi fərqləndirir. Doğru olaraq romantika deyil, romantizmi, realist deyil, realizmi ədəbi cərəyan hesab edir. “Folklor mətnlərini bərpa etmək, ilkin vəziyyətlərinə qaytarmaq üçün tənqidçi mətnin içərisinə girməlidir” deyən Professor yazır: “Nə qədər ki, Allah var, insanın ona ilahi – mistik məhəbbəti var, o çağadək sufizm olacaq. Nə qədər ki, dünyaya istedadlı şair, ədib gələcək, o çağadək Allah vergisi olan ilham və istedadın yaratdığı ədəbiyyatda insanın Allaha mistik sevgisi, ona qovuşmaq ehtirası – sufizm mövzusu olacaq”. Görkəmli alimin bu sözləri “Füzuli şair deyil” deyən M.F.Axundzadə öz avropaçı modern ədəbiyyat konsepsiyası ilə həm də sufizmə zərbə vurdu (N. Ş.) məsələsinin izahından doğur. Nəzəriyyəçi alimin alilikdən adiliyə keçid dövrünün maraqlı izahı belədir: “Bu adilik M. P. Vaqif realizminin təməl daşlarından tikilmişdi. Onun üzərində M. F. Axundzadədən tutmuş C. Cabbarlıya qədərki dövrün realizm cərəyanı bərqərar oldu. M. P. Vaqif Füzulinin heyrət etdiyi bütün – gözəlin (darıxanda Füzulini oxuyan, ondan sonra şeir yazmağın çətinliklərindən danışan alimin heyrət etdiyi sözdür) ağ əllərinə əlvan həna qoydu, büllur bədəninə sığal çəkdi”.
Milli realizmin bölgüsünü vermiş, realizm nəzəriyyəçisi Y. Qarayevin yetirməsi və layiqli davamçısının izahı elə bilirik ki, belə də mükəmməl olmalı idi. Bircə onu qeyd edirik ki, burada adi anlayışı ucuz, zəif mənasında deyil, alimin də göstərdiyi kimi, M. P. Vaqif realizminin təməl daşlarından tikilmiş adilikdir.
9) Professor şeirin vəznlərindən bəhs edərkən əruzu ədəbiyyat nəzəriyyəsinin inteqralı, Şərq poetikasının həll olunmamış (isbat olunmamış- Q.C.) teoremi, açılmamış (çıxarışı olmayan- Q.C.) nəzəri düsturu hesab etmişdir. Sərbəst şeirdən bəhs edərkən yazır: “Sərbəst şeir anlayışındakı sərbəstliyin özü də formal səciyyə daşıyır, rəmzi xarakterə malikdir. Sərbəst şeir poetik sözü vəzn qəlblərinin məngənəsindən azad edir. Yaradıcılıq üçün ən vacib şərt – şairin azadlığı məhz  bu vəzndə daha yaxşı ortaya çıxır”. (N.Ş)
10) Professorun “Azərbaycan gülüş mədəniyyəti” bölməsindəki mülahizələri öz novatorluğu ilə seçilir: “Dünyada eybəcərlik olmasaydı gülüş də olmazdı. Gülüşün kökündə eybəcərlik yatır, budağında gözəllik bitir. Gülüş xalqın özünə münasibət üsuludur. Hansı xalq özünə gülə bilirsə, demək o, qüdrətlidir, ayıqdır, safdır. Gülüş mədəniyyəti xalqın özünüdərk mədəniyyətidir. Dünya ilə insan arasındakı münasibətin ən şəffaf forması gülüşdür. Gülmək üçün dünyadan ayrılmaq lazımdır. Dünyanın içində oturub ona gülmək olmaz”. (N. Ş.)
Alimi Y.Qarayevin “...məhz millətin naminə millətə söylənən “Ölülər” xitabı əslində ona dəfşətli bir “Elani – eşq” idi!” estetik ideal açılışını həmişə xatırladan ulduzlar mənim göz yaşlarımdır, ehtiyyatlı olun, üstünüzə düşüb sizi yandırar deyən, bunu da dünyası hesab edən böyük alimimizi, müəllimimizi 63 yaşını – Peyğəmbər yaşını təbrik edirik. Ustadımızın şedevr, şah əsər, ədəbiyyatşünaslığımızın riyaziyyatnaməsi, fundamental hesab etdiyimiz kitabı o qədər mükəmməl yazılıb ki, yeni söz demək, əlavələr etmək çətin və məsuliyyətlidir. “Mən bu dünyada həmişə nəyinsə axtarışında olmuşam, onu itirəndə bildim ki, axtardığım itirdiyim imiş deyən alimin (filosofun!) bu kitabı tək nəzəriyyəçi işi deyil, həm həyatşünas – tənqidçi (K.Talıbzadə) həm də ədəbiyyatşünas işidir. Kitab çap olunandan alimlərin diqqətini çəkmişdir və helə çox cəfakeş oxucuların masaüstü kitabı olacaqdır. Müəllifinə - B.Nəsibov, Y.Qarayev, A.Zamanov, M.Cəfər... məktəbinin layiqli davamçısı, fəxri, ustadlardan öyrənib ustad olan müəllimimizə xəstəlik gətirən bu kitab elmimizə bir işıq gətirdi. Elmimizə və Müəllifinə şöhrət gətirən bu fundamental kitab Azərbaycan elminə, ədəbiyyatına (tək Azərbaycana mı?) dəyərli bir töhfə və şedevrdir.

Qismət CƏFƏROV
BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi

Məqalənin elmi redaktoru:  
Aynur Mustafayeva
BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi

 

Bookmark and Share