Home AZ | EN | RU

Qismət Cəfərov: Məti Osmanoğlunun “Ədəbiyyat nəzəriyyəsi müntəxabat”ı

30/04/2018

Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, ədəbiyyatşünas alim Məti Osmanoğlunun “Ədəbiyyat nəzəriyyəsi müntəxabatı” kitabı bu günlərdə çap olunmuşdur. Bildiyimiz kimi, ədəbiyyatşünaslıq elmi üç böyük tərkib hissədən ibarətdir ki, onlardan biri bu elmin (ədəbiyyatşünaslığın – Q.C.) nəzəriyyəsidir. Nəzəriyyə ədəbiyyatşünaslığın sahələri içərisində öz elmiliyi, dəqiqliyi, konkretliyi ilə seçilir. Elmi-nəzəri fikirlərə yiyələnmədən ədəbiyyatşünaslığı nə sinxron (müasir), nə diaxron (tarixi)aspektdən öyrənmək mümkündür. Bu baxımdan nəzəriyyəni ədəbiyyatşünaslığın riyaziyyatnaməsi, əlifbası hesab edənlər, fikrimizcə, yanılmırlar.
Məti Osmanoğlunun “Müntəxabatından” əvvəl ədəbiyyat nəzəriyyəsi ilə bağlı ciddi araşdırmalar aparılmışdır: Mir Cəlal, Pənah Xəlilov “Ədəbiyyatşünaslığın əsasları”, X. Əlimirzəyev “Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları”, N. Şəmsizadə “Ədəbiyyat nəzəriyyəsi” ...
Məti Osmanoğlunun bu günlərdə bizə (ədəbiyyatşünaslıq elminə!) hədiyyə etdiyi bu kitab adlarını qeyd etdiyimiz mükəmməl “Nəzəriyyələr”in məntiqi davamı olmaqla bərabər onlardan öz məzmun, mündəricəsinə görə fərqlənir.
“Ədəbiyyat nəzəriyyəsi Müntəxəbatı”ın ön söz əvəzində Məti Osmanoğlu yazır: “Azərbaycan universitetlərində nəzəriyyə sahəsində daha əhatəli bilik əldə etmək üçün ədəbiyyat qıtlığı, mənbələrlə tanışlıq imkanlarının məhdudluğu özünü aydın və daha sərt göstərir. Nəzəri fikirləri bir araya gətirmək sahəsində ilk təşəbbüslərdən biri olan bu kitab, heç şübhəsiz, çatışmazlıqlardan və səhvlərdən də xali deyil. Xüsusiylə bədii yanaşmada bir-birindən kəskin şəkildə fərqli olan müasir nəzəriyyələrdə  işlədilən ayrı-ayrı anlayışların və terminlərin dilimizə “oturuşması”, dəqiq qarşılığının olması ciddi çətinliklərlə müşayiət olunur”.
Ədəbiyyatşünas alimdən sitat gətirdiyimiz bu mikromətnə nəzər yetirdikdə bu fikirlərə gəlirik:
1) nəzəri mənbələrlə tanışlıqda problemlərimiz çoxdur,
2) müasir nəzəriyyələrdəki anlayış, terminlərin dilimizə “oturuşması”, dəqiq qarşılığının tapılmasında ciddi çətinliklər var.
Məti Osmanoğlunun fikirləri ilə razılaşmamaq mümkün deyil, amma onun nəzəri anlayışları, terminləri “milliləşdirmək” cəhdləri bütün məqamlarda özünü doğrultmur. Belə ki nəzəri anlayış, terminlər elmi üslub hadisəsidir. Onların “milliləşdirmək” cəhdlərinin üstündə ona görə israrla dayanmırıq ki, elmi üslubun bu göstəriciləri milli olmaqdan çox beynəlmiləl statusa malikdir və “yapışqan”lığı qəbul etmir. Çatışmazlıqlara, səhvlərə gəlincə, biz bu kitab müntəxəbat olduğundan səhvlərin xaliliyinə getməyəcəyik, çatışmazlıqlar üzərində dayanacağıq.
Dil nəzəriyyəsi mənbələriylə müqayisədə ədəbiyyat nəzəriyyəsi mənbələrində milli mənbələr də üstünlük təşkil edir. Bunu biz  “Ədəbiyyat nəzəriyyəsi Müntəxabat”ında görürük. Kitabda təxminən yetmişə yaxın həm milli, həm də xarici mənbələrdən nümunələr seçilmişdir ki, bəzi mənbələrin dilimizə tərcüməsini  bu mükəmməl işi görən Məti Osmanoğlu etmişdir.  Mənbələrə nəzər yetirsək görərik ki, seçilmiş mənbələr Nəzəriyyə tarixinin ana mənbələridir. Belə ki, Platonun “Dövləti”, estetik fikrin ən ciddi qaynağı Aristotelin “Poetikası”, fransız klassizminin nəzəriyəçisi N. Bualonun “Poeziya sənəti”, alman şairi, dramaturqu, mütəfəkkiri Q. E. Lessinqin təsviri sənətlə poeziya arasındakı ciddi fərqlərdən bəhs  edən “Laokoon və ya rəssamlıqda poeziyanın sərhədləri haqqında” estetik traktatı, alman klassik fəlsəfəsinin banisi İ. Kantın “Saf ağlın tənqidi”, “Maariflənmə nədir?”i, Hegelin “Estetikaya dair mühazirələrində” üslub, orijinallıq anlayışlarının izahı, V. Q. Belinskinin “Ədəbiyyatın növlərə və janrlara bölünməsi”, “Ədəbiyyatın ümumi məsələləri”, tarixi poetikanın ən görkəmli nümayəndəsi A. N. Veselovskinin “Süjetlərin poetikası”, T. S. Eliotun “Modernizmlə bağlı görüşləri”, Z. Freydin “Dostoyevski və ata qatilliyi”, Psixoanalizin təməlini qoyan K. Q. Yunqun “fərdi şüurdankənar” nəzəriyyəsi, “Bədii əsər fövqəlreal gerçəkliyi yaratmalıdır. Poeziya yalnız bundan ibarətdir” deyən İ. Qollun “sürrealizmin manifesti”, absurduzmin başlıca qaynağını təşkil edən A. Kamyunun “sizif əsatiri”, V. B. Şklovskinin “sənət haqqında düşüncələr”i, U. Eko “Gülün adı” romanının haşiyəsinə yazılmış oxucunu yaratmaq qeydləri və postmodernizm məsələləri haqqında fikirləri, Tınyanovun “Kinoda süjet və fabulası” və s. məsələlər “Müntəxabat”da yüksək səviyyədə oxucuya təqdim olunmuşdur.
“Ədəbiyyat nəzəriyyəsi Müntəxəbat”da ədəbiyyat nəzəriyyəsinin bir sıra anlayışlarından da geniş bəhs olunmuşdur: ədəbi növ, janr, vəzn, süjet, motiv, modernizm, postmodernizm, roman, metod, fabula, ironiya, komediya, faciə, tanıma, xarakter və s.
Məti Osmanoğlunun tərtib etdiyi “Müntəxəbata” milli mənbələrin daxil edilməsi xüsusi bir hadisədir. Müasir türk ədəbiyyatşünaslığının formalaşmasında böyük xidmətləri olmuş, “Azəri ədəbiyyatına aid tədqiqlər” müəllifi, prof. dr. M. F. Köprülünün “Türk ədəbiyyatı tarixində metod”u və vəzn, şəkil, qafiyə, mərasim tamaşası, mani(bayatı)...dan bəhs edən “Türk ədəbiyyatı tarixi” əsərləri verilmişdir. Azərbaycan nəzəri fikir irsindən isə “Müntəxəbat”a M. F. Axundzadənin ədəbi-tənqidi görüşlərini təşkil edən “Nəzm və nəsr haqqında”, “Mirzə Ağanın pyesləri haqqında kritika” məqalələri, böyük mütəfəkkir və şəxsiyyətiylə qürur duyduğumuz xalqımızın böyük oğlu Əli bəy Hüseynzadənin “Qırmızı qaranlıqlar içərisində yaşıl işıqları”, A. Səhhətin isə “Təzə şeir necə olmalıdır?” məqaləsi yer almışdır. Bundan əlavə əməl və qələm adamı, böyük yazıçı, görkəmli ədəbiyyatşünas alim M. Cəlalın “Füzuli şeiri haqqında” monoqrafiyasında oçerk, ədəbiyyat filosofu, realizmin təsnifatçısı Yaşar Qarayevin realizmin mənşəyindən, keçdiyi mərhələlərdən, rüşeymindən, cərəyana çevrilməsindən, Vaqif realizmi, Axundzadə maarifçi realizmi və Mir Cəlil, Sabir tənqidi realizmindən bəhs edən “Realizm: sənət və həqiqət” kitabından oçerk müntəxəbata daxil edilmişdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Məti Osmanoğlunun “Ədəbiyyat nəzəriyyəsi. Müntəxəbatı” Azərbaycan ədəbiyyatşünaslıq elminə və elmi-nəzəri fikrinə qiymətli bir kitabdır. Kitab sistemli tərtib olunmuş, mənbələr yaxşı seçilmişdir. Məti Osmanoğlunun da qeyd etdiyi kimi “bu kitabda ayrı-ayrı nəzəri qaynaqlarından yalnız nümunələr verilmiş və seçilmiş nümunələr əsasən ilkin tanışlıq, mənbənin birbaşa özü ilə canlı təmas məqsədi daşıyır”. Və alim haqlı olaraq bu işi bir başlanğıc hesab edir. Amma seçilmiş mənbələrin mükəmməlliyinə və bizə əlçatan edilməsinə görə Müntəxəbatın tərtibçisinə - Məti müəllimə böyük təşəkkür və minnətdarlıq düşür. Onu qeyd edək ki, belə sistemli, tək milli deyil, həm də dünya elmi-nəzəri mənbələrinin verilməsi alimdən böyük zəhmət,fiziki eneriji tələb etdiyindən bu işi bir akademiya əməkdaşlarının birlikdə görə biləcəyi işlə müqayisə, fikrimizcə, daha doğru olar.
Ümid edirik ki, bu kitab – müntəxəbat gələcəkdə yeni miqyas alacaq, daha da zənginləşəcək. Müntəxəbata digər hansı mənbələrin daxil edilməsi gələcəkdə yaxşı olan məsələsinə gəldikdə bu məsələni qeyd etməyi özümüzə borc bilirik: a) Xətib Təbrizinin şərhləri, b) F. bəy Köçərlinin ədəbi-nəzəri görüşləri, eləcə də “Azərbaycan ədəbiyyatı tarixi materiallarından” oçerk, c) əruz vəzninin elmi-nəzəri əsasları və ondan bəhs edən Əkrəm Cəfər araşdırmaları, ç) məktəb və cərəyan anlayışlarının konkret məktəblər və cərəyanlar kontekstində şərhi, d) ədəbiyyatşünaslıq terminlərinin izahı, v) “Ədəbiyyat nəzəriyyəsi Müntəxəbatın” ön sözünün “Ədəbiyyat nəzəriyyəsi elminin metodoloji problemləri” məqaləsiylə (onu qeyd edək ki, bu problem aktual olub, prof. N. Şəmsizadənin “Ədəbiyyat nəzəriyyəsi” kitabının girişində müəyyən qədər işıqlandırılmanı nəzərə almasaq, toxunulmayıb) başlanması.
Bu təklifləri yəqin ki, müntəxəbat tərtibçisi gələcək tədqiqatlarında nəzərə alacaqdır. Ədəbiyyatşünas alim, bizim müəllimimiz Məti Osmanoğlunun “Ədəbiyyat nəzəriyyəsi Müntəxəbatı” heç şübhəsiz ki, ədəbi aləmdə böyük maraqla qarşılanacaq,tələbələrimizin marağına səbəb olacaq  və zər qədri bilən zərgərlərin masaüstü kitabına çevriləcəkdir.

Qismət Cəfərov
Bakı Dövlət Universiteti,
Filologiya fakültəsi, IV kurs

Bookmark and Share