Slavyan yazısı və mədəniyyəti günü qeyd olunub
19/05/2017Məlum olduğu kimi, mayın 24-də bütün Slavyan dünyası Slavyan yazısı və mədəniyyəti gününü qeyd edir. Əvvəllər bu bayram Slavyan xalqlarının ilk müəllimləri - Kiril və Mefodinin anma günü kimi məlum idi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dilçiliyi kafedrası BDU-nun Rus Mərkəzi ilə birgə Slavyan yazısı və mədəniyyəti gününə həsr edilmiş elmi seminar keçirib.
Kafedra müdiri, professor Lalə Quliyeva bayram tədbirini açaraq tarixdə baş vermiş hadisənin əhəmiyyətini vurğulayıb və tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Slavyan xalqının çoxu bu bayramı yüzilliklər boyu qeyd edir. Bu bayram kiril əlifbasını yaratmış Kiril və Mefodi qardaşlarının adı ilə bağlıdır və onların sayəsində bütün slavyan xalqı məhz bu yazını əldə edib.
Rus dilçiliyi kafedrasının dosenti Elvira Heydərova çıxışında Kiril və Mefodinin xüsusi xidmətləri haqqında söz açıb. Bildirib ki, hələ IX əsrdə onlar kilsə tərəfindən müqəddəs surətlər sırasına daxil edilib. Bu xidmətlər nədən ibarət idi? Qardaşlar yaratdıqları əlifba ilə bərabər, dini kitabları yunan dilindən qədim slavyan dilinə tərcümə edib, slavyanlara yazı öyrədib və bununla da xristian dinini yayıblar.
Seminarda Filologiya fakültəsinin III kurs tələbələrindən Flora Cəfərli (075 qrup), Aytac Məmmədova (076 qrup) və Ləman Heydərova (077 qrup) məruzə ilə çıxış ediblər. Seminar iştirakçıları Slavyan mədəniyyəti gününün müxtəlif ölkələrdə bayram edilməsinin xüsusiyyətlərini barəsində maraqlı müzakirələr aparıb.
Tədbirin sonunda BDU-nun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova məruzə ilə çıxış edən Filologiya fakültəsinin tələbələrini fəxri fərmanlarla təltif edib.
