Tanınmış ədəbiyyatşünas alim Pənah Xəlilov vəfat edib
16/08/2019BDU-nun professoru, tanınmış ədəbiyyatşünasalim, tənqidçi və tərcüməçi Pənah Xəlilov 94 yaşında vəfat edib. Bu barədə onun yaxınları məlumat verib.
Mərhumla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək.
Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 1948-ci ildə Bakı Dövlət Universitetini bitirən Pənah Xəlilov ömrünün 75 ilini bu ali təhsil ocağına həsr edib.
