Home AZ | EN | RU

Tarix yazan Lider

24/12/2021

Xalqların, dövlətlərin tarixini dahi şəxsiyyətlər, liderlər yazır. Əsl liderliyin meyarları barədə yanaşmalar hər nə qədər müxtəlif olsa da, bu məsələyə baxışlarda üst-üstə düşən məqamlar kifayət qədərdir.
Elə keyfiyyətlər var ki, onlar bütün tarixi dövrlərin, xalqların siyasi liderlərinin, tarixdə iz qoymuş şəxsiyyətlərin əsas cəhətləri kimi diqqət çəkir. Fikrimizcə, bu əlamətlərdən ən başlıcası və bəlkə də ən mühümü öz xalqının liderinə inamıdır.
İnamın gücü
Müasir dövrdə dünyanın ən parlaq liderlərindən olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ictimai-siyasi portretində inam faktoru səciyyəvi əlamət kimi xüsusi diqqət çəkir. Liderə inam bütün cəmiyyətlərdə hər zaman həlledici amil olub və bundan sonra da belə olacaqdır. Çünki cəmiyyətlərdəki ictimai-siyasi, sosial-iqtisadi şəraitlər, baş verən proseslərin inkişafı daim insanları düşündürür və bununla bağlı əksər hallarda adekvat qərarların verilməsini gözləyirlər. Sadə insanlar bu qərarları düzgün verə biləcək, dəqiq, doğru yol seçə biləcək şəxsiyyətlərin ardınca gələcəyə doğru irəliləyirlər.
Müstəqilliyimizin ilk illərindəki ağır siyasi, sosial-iqtisadi böhran dövründə xalqımız üçün belə bir tarixi missiyanı Ümummilli Lider Heydər Əliyev həyata keçirdi. Ulu Öndər xalqımızın ona inamını hələ sovet Azərbaycanına rəhbərliyi dövründə qazanmışdı. Azərbaycan üçün gördüyü müqayisəyəgəlməz işlərlə, cəmiyyətdə yaratdığı köklü dəyişikliklərlə, müdrikliyi, daim haqqın-ədalətin tərəfində durması ilə belə bir inamı yaratmışdı.
1990-cı illərin əvvəllərində hakimiyyət başında olan naşı insanların yanlış qərarları və siyasi səriştəsizliyi ucbatından Azərbaycan vətəndaş müharibəsinin bircə addımlığına gəlib çatanda, parçalanaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda, cəmiyyətdə hökm sürən xaos, sosial-iqtisadi böhran, hakimiyyət uğrunda didişmələr ölkəmizi çıxılmaz vəziyyətə salanda xalqımız öz nicatını, dövlətimizin xilasını məhz Ümummilli Lider Heydər Əliyevdə gördü. İnsanlar onun şəxsiyyətinə olan inamdan güc alırdı. Təkidlə Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışını tələb edirdilər. Ulu Öndər Azərbaycan xalqının səsini eşitdi və dövlətçiliyimizin xilası naminə yenicə müstəqilliyini bərpa etmiş dövlətimizi labüd fəlakətdən qurtardı. Ölkəmizi sabahı aydın, qüdrətlənmə və dirçəliş yoluna çıxartdı. Dövlətin hərtərəfli inkişafı üçün möhkəm təməllər formalaşdırdı.
Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu oldu ki, müdrik dövlət adamı müstəqil ölkəmizin bir daha təlatümlərlə üzləşməməsi üçün apardığı milli inkişaf kursunun davamlılığını təmin etdi. Bu kursu özündən sonra uğurla inkişaf etdirə biləcək layiqli davamçısını yetişdirdi. Onun bilik və bacarıqlarına, əzmkarlığına, Vətən, xalq sevgisinə, Heydər Əliyev yoluna sadiqliyinə inandı və Ulu Öndərin bu inamı ümumxalq etimadına çevrildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında, daha geniş miqyasda yanaşsaq, bugünkü qlobal dünyada çox böyük tarixi xidmətləri var. Bu xidmətlərin hər biri Lider üçün çox böyük uğurdur. Cənab İlham Əliyevin siyasi karyerasının ilk möhtəşəm uğuru isə zənnimizcə, məhz Heydər Əliyev kimi böyük dövlət adamının, təcrübəli, dünya miqyaslı siyasətçinin inamını qazanmasıdır. Azərbaycan xalqının etimadına çevrilən bu inamı hər zaman doğrultması, insanlarımızın sarsılmaz güvən yeri olmasıdır.
Səmimiyyət
İnam və etimad duyğusu çox çətin və uzunmüddətli formalaşan bir nailiyyətdir. Başqalarında inam yarada bilmək, etimad duyğusu aşılamaq hansısa vasitələr hesabına əxz olunan keyfiyyət deyildir. Bu, fitri bir məziyyətdir. Bu duyğunun əsas elementi səmimilikdir. Dünyanın müxtəlif elm mərkəzlərinin apardığı sorğular da göstərir ki, səmimiyyət xalqın sevdiyi, böyük hörmət bəslədiyi liderlərin ən mühüm xüsusiyyətlərindəndir. Azərbaycan Prezidenti şəxsiyyət olaraq son dərəcə səmimi bir insandır. Dürüstlük, səmimilik, adil olmaq cənab İlham Əliyevin hər zaman əsas qayəsidir və başqalarına da aşıladığı dəyərlərdir.
Səmimi olmaqla yanaşı, etimad bəslənilən liderlər yüksək kompetensiyalı və insanlar arasında ünsiyyət bacarıqlarına malik şəxsiyyətlərdir. Onlar qarşıya dəqiq hədəflər qoyur və başqalarını da bu hədəflərə doğru yönəltməyi bacarırlar. Biz bütün bu xüsusiyyətlərin Azərbaycan Respubikası Prezidentinin gündəlik fəaliyyətində şahidi oluruq. Cənab İlham Əliyev öz entuziazmını və inamını digər insanlara da məharətlə və effektiv şəkildə ötürə bilir. Dövlət rəhbərimizin istənilən çıxışını dinləyəndə hər bir insanda qürur hissləri yaranır, Vətən üçün, xalq üçün daha faydalı işlər görməyə çalışır, gələcəyə xoş ümidlərlə baxır. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin fikirlərində hətta ən qeyri-müəyyən vəziyyətlərdən də adekvat çıxış yolları görürsən. Cənab İlham Əliyevin timsalında etibarlı, uzağı görməyi bacaran, addımlarında rəvan və ardıcıl, istənilən şəraitdə son dərəcə təmkinli davranan və uğurlu nəticələr yarada bilən qətiyyətli Liderin surəti gözlərin önündə canlanır.
Yola sadiqlik
Sədaqət hissi də əsl liderlərə xas mühüm keyfiyyətdir. Bu, insanın öz əqidəsinə, tutduğu yola, xalqı, dövləti qarşısında içdiyi anda sədaqətidir. Azərbaycan Respublikasının Prezidenti öz yoluna, verdiyi bütün sözlərə sadiqdir. Özünün də bəyan etdiyi kimi, sözü də imzası qədər dəyərlidir. Ona görə də beynəlxalq arenada da İlham Əliyev şəxsiyyətinə çox böyük hörmət vardır.
Dünya liderləri, xarici tərəfdaşlar bilirlər ki, bütün məsələlərdə Azərbaycan Prezidentinə güvənmək olar. Bu mənada Azərbaycan Prezidenti ulularımızdan bizə miras qalmış mərdlik dəyərini siyasi müstəviyə daşımağı bacaran, siyasi fəaliyyətdə də ləyaqət, sözübütövlük, alicənablıq dəyərləri aşılayan liderdir. Azərbaycan Prezidentinin bütün məsələlərlə bağlı öz mövqeyi, baxışı, prinsipləri vardır. Bu, Azərbaycan dövlətinin, xalqının milli maraqları əsasında formalaşmış mövqe, baxışlar və prinsiplərdir.
Siyasi fəaliyyətə başladığı ilk günlərdən indiyədək cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik xəttinə uyğun olaraq Azərbaycan xalqına və dövlətinə xidmət edib. İndiyə qədər heç bir təsir və ya təzyiq cənab İlham Əliyevi bu yoldan çəkindirə bilməyib.
Müzəffər sərkərdə
Cənab İlham Əliyev tutduğu yolla Azərbaycan xalqını illərdən bəri həsrətində olduğu qələbəyə yetirdi. Ali Baş Komandanı olduğu müzəffər Ordumuzun rəşadəti, vətənpərvər nəslin şücaəti ilə torpaqlarımızı düşmən tapdağından azad etdi. Təcavüzkar Ermənistanın illərdən bəri öz ordusu haqqında uydurduğu saxta mifləri darmadağın etdi. Bu miflərlə birgə Ermənistanın işğalçı ordusunu cəmi 44 gün ərzində sıradan çıxartdı. Qalib sərkərdə kimi adını tarixə yazdı.
Cənab İlham Əliyev ən azı 200 illik bir problemi həll edən - mənfur qonşularımızın məkrli niyyətlərini darmadağın edən  Lider kimi Azərbaycan tarixinə düşdü. Uzun illərdən sonra ilk dəfə olaraq itirilmiş Azərbaycan torpaqlarını geri almağa müvəffəq olmuş rəhbər kimi bu ad xalqımızın Zəfər salnaməsinə həkk olundu.
Cənab İlham Əliyev Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Bu səhifənin ilk kəlməsi Zəfərlə başlayır. Torpaqlarımızı düşmən tapdağından azad etməklə Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ən ülvi, müqəddəs vəsiyyətini, ümdə arzusunu yerinə yetirmiş oldu.
Ata vəsiyyəti
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra televiziya kanallarımızda vaxtilə Ümummilli Liderin müxtəlif tədbirlərdə, məcburi köçkünlərlə görüşlərdəki çıxışlarından örnəklər verilir. Bu çıxışlarda Ulu Öndər o zaman işğal altında olan ayrı-ayrı bölgələrimiz haqqında danışır. Azərbaycan xalqının gec-tez o torpaqları azad edəcəyini, məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarını inamla bildirir. Ümummilli Liderin təxminən 25 il əvvəl Qarabağın, Şərqi Zəngəzurun taleyi ilə bağlı bu qədər ümidli olmasına heyran olmaya bilmirsən. Ulu Öndər özünün müəyyənləşdirdiyi siyasətin qalib gələcəyinə, eyni zamanda layiqli davamçısı cənab İlham Əliyevə inanırdı. Əmin idi ki, onun ən böyük arzusunu - torpaqlarımızın azadlığını cənab İlham Əliyev öz məğrur xalqının dəstəyi ilə təmin edə biləcək. Elə bu inamla da 2003-cü ilin prezident seçkisi ərəfəsində Azərbaycan vətəndaşlarına üz tutaraq bildirirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Milli qürurun portreti
2003-cü ildən bəri yaşadığımız tarixdə elə bir il, ay olmaz ki, cənab İlham Əliyevin Azərbaycana qazandırdığı hər hansı bir nailiyyətlə əlamətdar olmasın. Bu nailiyyətlərin hər biri Ulu Öndərin həmin o tarixi müraciətindəki ümidinin özünü doğrultmasıdır.
Bununla bağlı insan qəlbini riqqətə gətirən ən təsirli məqam Şuşanın azad olunduğu gün Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etməsi oldu. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında - ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda haqq savaşında canını qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarının əhatəsində bu xoş müjdəni bütün dünya azərbaycanlılarına verdi. Qalib, qürurlu duruşu ilə milli dövlətçilik tariximizin ən möhtəşəm, fərəh dolu səhifəsini əsrlərin yaddaşında əbədiləşdirdi.
Cənab İlham Əliyev qlobal düşünməyi bacaran, təkcə Azərbaycan vətəndaşları ilə bağlı deyil, ümumilikdə bəşəriyyət üçün aktual məsələləri gündəmə gətirən, qlobal təşəbbüslər irəli sürən və onların yerinə yetirilməsi üçün fədakarlıq göstərən dünya miqyaslı siyasətçidir. Nadir istedada, geniş dünyagörüşünə, yüksək erudisiyaya malik tarixi şəxsiyyətdir.
Ümumiyyətlə, bütün fəaliyyət sahələrində ən uğurlu insanlar o kəslərdir ki, onların formalaşması üçün bir sıra amillər, tarixi şərait, əhatə olunduğu mühit, təhsil bir-birini tamamlayır. Azərbaycan Prezidentinin həyat və fəaliyyətinə nəzər saldıqda bu böyük şəxsiyyətin dövrünün ən parlaq liderlərindən biri kimi formalaşmasından ötrü bütün mühüm amillərin bir-birini qüvvətləndirdiyini görürük.
Tarixi zərurət
Cənab İlham Əliyevin 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti vəzifələrində çalışdığı illər müstəqil dövlətimiz üçün tarixi inkişaf proseslərinə töhfələr vermək üçün mühüm bir mərhələ idi. Həmin dövrdə cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsində fəal iştirak edir, Azərbaycana böyük uğurlar qazandırırdı.
Ötən əsrin sonlarından başlayaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi cənab İlham Əliyev milli parlamentarizm tariximizdə yeni ənənələr formalaşdırdı. Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞ PA sədrinin müavini və Büro üzvü kimi böyük nailiyyətlərə imza atdı. 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın Sədri seçilən cənab İlham Əliyev partiya quruculuğu fəaliyyəti ilə də cəmiyyətin böyük rəğbətini qazandı. Cənab İlham Əliyev 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi və o vaxtdan etibarən müstəqil Azərbaycanda idmanın yüksəliş dövrü başladı.
Bu böyük dövlət adamının 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyi dövr Ulu Öndər Heydər Əliyevin davamçısı kimi məhz qüdrətli bir rəhbərə ən çox ehtiyacın yarandığı tarixi dönəm idi. Ümummilli Lider Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirmişdi. Ölkəmizin xarici siyasət kursunu müəyyənləşdirmiş, yeni neft strategiyasının əsasını qoymuş, azad bazar iqtisadiyyatı prinsiplərini bərqərar etmişdi. Azərbaycanın gələcək inkişafı üçün əsas şərtləri formalaşdırmışdı. Ölkənin nailiyyətlərinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin əsas hədəfi idi. Cənab İlham Əliyev layiqli davamçı kimi bu hədəfləri gerçəkləşdirdi, hər bir azərbaycanlının Prezidenti oldu, xalqımızın arzularını parlaq şəkildə gerçəkləşdirdi.
Yeni siyasi mədəniyyət
Demək olar ki, bütün xalqımızın arzuladığı milli birlik ideyası məhz Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin sayəsində mümkün olub. Məsələlərə fərqli baxış bucaqlarından, müxtəlif münasibətlərdən asılı olmayaraq bu gün Azərbaycanda milli maraqlarla bağlı heç bir fikir ayrılığı yoxdur. Azərbaycan üçün prinsipial, taleyüklü məsələlərdə hamı eyni bir amal uğrunda birləşə bilir. Buna 44 günlük Vətən müharibəsində hər birimiz şahid olduq. Bu, Azərbaycan Prezidentinin cəmiyyətimizdə formalaşdırdığı yeni siyasi düşüncə tərzidir.
Məhz cənab İlham Əliyevin formalaşdırdığı bu siyasi təfəkkür sayəsində Azərbaycanda dialoq mühiti formalaşıb. Bütün məsələlər birgə müzakirə edilir, alternativ baxışlar, fərqli rəylər, faydalı təkliflər nəzərə alınır.
Azərbaycanda milli birliyin möhkəmlənməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük xidmətləri vardır. Azərbaycan Prezidentinin yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın aparılan dövlət siyasətinə töhfələri ölkəmizin nailiyyətlərini daha da artırır. Azərbaycanın evsahibliyi ilə keçirilən beynəlxalq tədbirlər, qlobal humanitar təşəbbüslər bütün dünyada ölkəmizin tolerantlıq, fərqli mədəniyyətlər arasında dialoq məkanı kimi mövqeyini gücləndirir.
Missiya
Vətən müharibəsindəki qələbəmizdən sonra regionda tamamilə yeni reallıq yaranıb. Azərbaycan Prezidenti Cənubi Qafqazda tarixin axarını dəyişir. Yaxın gələcəkdə bu regionun sülh, əməkdaşlıq, davamlı inkişaf, bütün tərəflər üçün qarşılıqlı faydalı məkana çevrilməsi üçün geniş üfüqlər açılır.
Xaraktercə qurucu şəxsiyyət olan, bütün fəaliyyəti dünyaya, bəşəriyyətə fayda verməyə yönələn Azərbaycan Prezidenti bu gün işğaldan azad olmuş yurdlarımızda başlanılmış genişmiqyaslı quruculuq layihələri ilə öz ülvi amallarını ifadə edir. Erməni vandallarının təxminən 30 ilə yaxın müddətdə Yer üzündən silməyə çalışdıqları qədim məskənlərimizi, şəhər və kəndlərimizi, tarixi, maddi mədəniyyət abidələrimizi qurucu əlləri ilə yenidən həyata qaytarır. Qarabağda, Şərqi Zəngəzurda XXI əsrin “ağıllı şəhər”ləri, “ağıllı kənd”ləri tikilir. Yeni yollar salınır, körpülər tikilir, su elektrik stansiyaları istifadəyə verilir, beynəlxalq hava limanları açılır, yeni yaşayış binalarının təməlləri qoyulur və saymaqla bitməyən nəhayətsiz, miqyası heç bir ölçüyə gəlməyən nəhəng layihələr gerçəkləşdirilir.
Prezident İlham Əliyev tərəfindən çox qısa zaman ərzində gerçəkləşdirilən bu layihələr həqiqətən də müasir dünyada heç bir siyasətçinin, dövlət başçısının edə bilməyəcəyi nəhayətsiz işlərdir. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında Prezident İlham Əliyevin Qarabağdakı quruculuq işlərindəki misilsiz xidmətlərinə yüksək dəyər verərək tarixi bir kəlam söylədi: “Bu, hər igidin, hər siyasətçinin işi deyil!” Bu gün hər bir azərbaycanlı bu tarixi kəlamın altından ürəklə öz imzasını atır.
Azərbaycan Prezidentinin sülh, əməkdaşlıq, kommunikasiya çağırışları, imkanların birgə dəyərləndirilməsi çağırışları ilə regionda yeni bir gələcək başlanır.
Bütün region dövlətlərinin üzünə yeni imkanlar açılır.
Bu tarixin müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
Bu, onun tarixi missiyasıdır.
Missiya davam edir!..


Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru

Mənbə: https://www.azerbaijan-news.az/tarix-yazan-lider

Bookmark and Share