Tələbə Elmi Birliyinin üzvləri Musa Yaqubun söz işığında
03/04/2017“BOOKZone” Kitab Evində görkəmli Azərbaycan şairi, AYB-nin üzvü Musa Yaqubla görüş keçirilib. Görüşdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri, kitab evinin əməkdaşları iştirak edib. Tədbirdə BDU-nu Filologiya fakültəsindən "Söz" Yaradıcılıq Birliyinin rəhbəri, dosent Məti Osmanoğlu, Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva, birliyin Mətbuat-informasiya komitəsinin rəhbəri Günel Quliyeva, üzvlərdən Əfsanə İbrahimova, Zərifə Həmzəyeva, Adilə Hacılı, Elnarə Talıbova təmsil ediblər. Şeir dolu qəlblərin və şeiriyyəti sevən insanların toplaşdığı ədəbi məclisin aparıcısı BDU-nun Filologiya fakültəsinin I kurs tələbəsi Aynur Mustafayeva olub. O, qonaqları salamlayaraq tədbiri açıq elan edib və bu gözəl məclisin əhəmiyyətindən danışıb. Sonra söz kitabxananın müdiri Seymur Tağıyevə verilib. O, Musa Yaqub poeziyasının əlxaqi-didaktik əhəmiyyətindən bəhs edib. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Musa Yaqubun şeirlərindən parçalar söyləyib, şairin yaradıcılıq qabiliyyətindən, fərdi üslubundan söz açıb.
Sonra söz şairə verilib. O, həyatı ilə bağlı maraqlı xatirələr danışıb, qonaqlara öz şeirlərini oxuyub. Ədəbi məclis musiqi ilə davam edib. Milli Konservatoriyadan Xalq artisti Mənsum İbrahimovun tələbələri BDU-nun məzunu Mehranə Məmmədova, Elsevər Muradov, Ceyhun Qənbərov və Televiziya Muğam müsabiqəsinin qalibi Sədəf Budaqova gözəl səsləri ilə söz məclisinə canlılıq, rəng qatıblar. Sonda şair iştirakçıların suallarını cavablandırıb, tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.
