Home AZ | EN | RU

Tələbə Elmi Birliyinin M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş növbəti iclası keçirilib

08/04/2017

TEB üzvlərinin iştirakı ilə M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş növbəti iclas keçirilib. İclasda görkəmli Azərbaycan şairi M.P.Vaqifin həyatı və yaradıcılığı ilə yanaşı, cari məsələlərdən də bəhs olunub.
Tədbiri giriş sözü ilə açan TEB-in sədri Pərvin Eyvazov M.P.Vaqif poeziyasının dil-üslub xüsusiyyətlərindən, onun Azərbaycan ədəbi dili tarixindəki mövqeyindən bəhs edib. O, elmi mənbələrə istinadən bildirib ki, M.P.Vaqifin dilində 3506 söz işlənib. Onlardan 1686-sı isim, 656-sı sifət, 438-i feildir. 1686 isim 8244 dəfə təkrar olunduğu halda, 656 sifət 1904 dəfə təkrar olunub. Həmçinin Vaqifin dilində ən çox işlənən isimlər göz (211 dəfə), can (167 dəfə), zülf (160 dəfə), üz (120 dəfə), ən çox işlənən sifətlər isə gözəl (176 dəfə), ağ (64 dəfə), xoş (52 dəfə) sözləridir. P.Eyvazov bu ilin sonunacan şairin yubileyinə həsr olunmuş elmi konfrans keçirləcəyini və tələbələrin bu konfransda aktiv olmalarının zəruriliyini qeyd edib.
TEB-in magistratura üzrə sədr müavini Pərvin Rəhimov Molla Pənah Vaqif yaradıcılığının elmi cəhətdən araşdırılmasının aktuallığı haqqında danışıb. Şairin irsinin hərtərəfli öyrənilməsinin, xüsusilə əsərlərinin dilinin leksik, morfoloji və sintaktik baxımdan tədqiqinin maraqlı məqamlarından bəhs edib. Bu cəhətdən, keçiriləcək konfransa tələbələrin də cəlb olunmasını müsbət hal kimi qiymətləndirib.  
TEB-in bakalavriatura üzrə sədr müavini Aynur Mustafayeva çıxış edərək M.P.Vaqifin bədii yaradıcılığının poetik xüsusiyyətlərindən, əsərlərinin mövzu və məzmunca bu gün də aktuallıq kəsb etməsindən danışıb, şeirlərindən parçalar söyləyib.
Daha sonra “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Ramil Bayramov və Anar Fərəcov M.P.Vaqifin ictimai-siyasi xadim kimi fəaliyyəti, onun irsinin türkoloji kontekstdə öyrənilməsinin vacibliyi haqqında çıxışlar ediblər. Tələbə və magistrantların M.P.Vaqif yaradıcılığının araşdırılmasına cəlb olunmasının, bu istiqamətdə təbliğat işlərinin aparılmasının və müəllimlərin də bu işə cəlb olunmasının vacibliyini vurğulayıblar.  
İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

 

 

Bookmark and Share