Home AZ | EN | RU

Tələbə Elmi Birliyi akademik Tofiq Hacıyevin xatirəsini yad edib

27/11/2017

Noyabrın 27-si görkəmli türkoloq, akademik Tofiq Hacıyevin anım günüdür. Bu münasibətlə Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri tanınmış alimin məzarını ziyarət edib, onun həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamlardan, xatirələrdən söz açıblar. Qeyd edək ki, tələbələr Tofiq Hacıyevin məzarını ziyarətə gəlmiş mərhumun ailə üzvləri də tanış olub.


***

Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya daxil olub. 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib.
1962-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışmağa başlayıb. 1970-ci ildən Türkologiya kafedrasının professoru, 1984-cü ildən həmin kafedranın müdiri olub.
1993-cü ildə Azərbaycan Respublikasının Maarif naziri vəzifəsində işləyib. 1995-ci ildə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü seçilib, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» ilə təltif olunub. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik «Türk dünyası ədəbiyyatı tarixi»nin müəlliflərindən biri olub.
Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb.
"Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin həmmüəllifi olub. “Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifi, «Üzeyir Hacıbəyov ensiklopediyası» və AMEA-nın altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin müəlliflərindəndir.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifi olub, 19 elmlər namizədi və 4 elmlər doktoru yetişdirib.
2015-ci il noyabrın 27-də səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

 

 

 

Bookmark and Share