Home AZ | EN | RU

Türkiyənin Fırat Universitetinin müəllimi dos.dr. Süleyman Kaan Yalçın Filologiya fakültəsində onlayn mühazirə aparıb

20/05/2020

Türkiyənin Fırat Universitetinin Müasir türk dilləri kafedrasının dosenti Süleyman Kaan Yalçın BDU-nun Filologiya fakültəsinin III kurs, Fl-101-ci qrup tələbələrinə “Azərbaycan ədəbi dili tarixi” fənnindən “Türkcənin söz varlığı” mövzusunda onlayn mühazirə oxuyub. Onlayn mühazirədə tələbələrlə yanaşı, fakültə rəhbərliyi və müəllimlər də iştirak edib.
S.K.Yalçın tələbələrə söz və onun funksiyaları, dilin lüğət tərkibi və lüğət fondu anlayışları haqqında məlumat verib, ədəbi dilin lüğət tərkibində qərarlaşmış sözlərin struktur-semantik xüsusiyyətlərindən danışıb. Türk dillərinin söz varlığının inkişaf tarixindən bəhs edən məruzəçi bu dillərin leksik quruluşunun özəlliklərindən, digər dillərlə əlaqələr nəticəsində qəbul edilmiş alınmaların mənimsənilməsi məsələlərindən, alınma sözlərin milliləşdirilməsi istiqamətində atılan addımların müsbət və mənfi tərəflərindən, həmçinin türk dillərindən başqa dillərə keçmiş sözlərin taleyindən söz açıb. Eyni zamanda çıxışda türk və Azərbaycan dillərinin leksik-semantik quruluşu ilə bağlı müqayisələr aparılıb, hər iki türkcədəki özləşmə meyilləri haqqında bəzi məqamlara toxunulub, dilin lüğət tərkibinin yad dillərin təsirindən qorunması istiqamətində fikir və təkliflər səsləndirilib.  
Daha sonra məruzəçi tələbələrin suallarını cavablandırıb. Sonda fakültə dekanı Elçin Məmmədov çıxış edərək, S.K.Yalçına öz təşəkkürünü bildirib, hər iki universitet arasındakı əməkdaşlığın perspektivlərindən danışıb, iştirakçılara uğurlar arzulayıb.  
Qeyd edək ki, S.K.Yalçın Türkiyədə Azərbaycan dilinə həsr olunmuş “Azerbaycan Türkçesi Grameri” adlı ilk irihəcmli monoqrafiyanın müəllifidir. Xatırladaq ki, 2018-ci ilin noyabr ayında BDU-nun Filologiya fakültəsində həmin kitabın təqdimatı keçirilib. Həmçinin bir neçə dəfə elmi-ədəbi tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizin qonağı olan alim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. S.K.Yalçın görkəmli Azərbaycan yazıçısı C.Cabbarlının hekayələrini türk dilinə tərcümə etdiyinə görə 2012-ci ildə “Cəfər Cabbarlı mükafatı”na layiq görülüb.

Bookmark and Share