Türkiyənin görkəmli türkoloqu Əhməd Buran BDU-da ustad dərsi aparıb
01/12/2022Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Türkoloji dərnəyin təşkilatçılığı ilə Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsinin Müasir türk dilləri və ədəbiyyatları kafedrasının professoru, görkəmli türkoloq Əhməd Buranın “Türkologiyada konseptual yanaşmalar və terminoloji adlandırma problemləri” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Ustad dərsi giriş sözü ilə açan Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva öncə qonağı salamlayaraq, fakültənin dəvətini qəbul etdiyi üçün ona təşəkkürünü bildirib. Sonra Əhməd Buranın həyatı və yaradıcılığı haqqında məlumat verib, türkologiya sahəsində apardığı mühüm tədqiqatlardan, bu istiqamətdə yüksəkixtisaslı kadrların hazırlanmasında gördüyü mühüm işlərdən, iki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Sonra söz qonağa verilib. “Türkologiyada konseptual yanaşmalar və terminoloji adlandırma problemləri” adlı məruzə ilə çıxış edən türkiyəli alim tədbirin keçirilməsi ilə bağlı göstərilən təşəbbüsə və diqqətə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Müəllif məruzəsində türk xalqlarının qədim kökləri, ana vətənləri, dövlətçilik ənənələri və dilləri ilə bağlı türkoloji tədqiqatlarda rast gəlinən müxtəlif elmi fikirlərdən söz açıb, xüsusilə xarici türkoloqların türklərlə bağlı görüşlərində yer alan konseptual yanaşmalar haqqında məlumat verib. Qeyd edilib ki, hazırda Türkiyədə, o cümlədən Fırat Universitetində aparılan türkoloji araşdırmaların əsas məqsədi tarixi faktların və türklər haqqındakı həqiqətlərin üzrə çıxarılması və obyektiv şəkildə dəyərləndirilməsində birbaşa məhz türk alimlərin iştirakını təmin etmək və müxtəlif türk coğrafiyalarında əldə edilən məlumatları düzgün şəkildə təhlil edib ictimaiyyətə çatdırmaqdır.
Türkologiyada terminoloji adlandırma problemlərinə diqqət çəkən alim ayrı-ayrı türk tayfalarının və dillərinin adlandırılmasında istifadə olunan etnonim və linqvonimlərlə bağlı mübahisəli məqamlardan bəhs edib. O, sözügedən məsələdə qədim türk yazılı abidələrinə və mühüm tarixi mənbələrə əsaslan fikirlər səsləndirib: “Orxon abidələrində 70 yerdə türk, cəmi iki yerdə göytürk termini işlənib. Şübhəsiz ki, göytürk adlanan bir millət və ya bir dil yoxdur. Elmi ədəbiyyatlarda tez-tez qaraxanlı türkcəsi terimini işlənir, ancaq qaraxanlılara aid tarixi mənbələrdə belə bir terminoloji ifadəyə rast gəlinmir. Yaxud Osmanlı dövlətinin tarixi sənədlərində osmanlıca deyil, türkcə, türki terminləri işlədilib. Ancaq elmi mənbələr bu gün də osmanlıca kimi qeyd edir. Əlişir Nəvai çağatay dili və ədəbiyyatının qurucusu hesab olunur, lakin “Mühakimətül-lüğəteyn” əsərində “türkcə” ilə “farsca”nı müqayisə etdiyini bildirir. Görünür, mənbələrdə özlərini türk adlandıran bu müəlliflərin əksinə olaraq, onların fəaliyyətini öyrənənlər məqsədli şəkildə təhrifə yol veriblər”. Məruzəçi “Adı verən taleyini də müəyyənləşdirir” arqumentindən çıxış edərək, türk tayfalarının və dillərinin terminoloji baxımdan adlandırılmasındakı ziddiyyətli məqamlarla bağlı fikirlərini bölüşüb.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ilə bağlı çıxışlar edilib.
Sonda Filologiya fakültəsinin dekanı adından türkiyəli qonağa “Təşəkkürnamə” təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
