Türkiyənin tanınmış yazıçı-şairi Mehmet Nuri Parmaksız BDU-nun Filologiya fakültəsinin qonağı olub
27/01/2017Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri İctimai Birliyinin sədri (İLESAM), yazıçı-şair Mehmet Nuri Parmaksız və İLESAM Azərbaycan təmsilçiliyinin rəhbəri Xəyal Rza Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin qonağı olub. Tədbiri Filologiya fakültəsinin dekanı fil.f.d. Elçin Məmmədov açaraq qonaqları salamlayıb, Azərbaycan-Türkiyə dostluğu və ədəbi əlaqələrindən söz açaraq İLESAM-ın bu sahədə gördüyü işlərdən danışıb. Sonra dissertant Gülnar Axundova Mehmet Nuri Parmaksızın həyat və yaradıcılığı barəsində məlumat verib.
Şairin həyat və fəaliyyətindən bəhs edən qısa video-slayd göstərildikdən sonra söz qonağa verilib. Mehmet Nuri iki qardaş ölkə arasında mədəni, ədəbi əlaqələrin gücləndirilməsinin, elm, sənət adamlarının irsinin qarşılıqlı şəkildə təbliğ edilməsinin vacibliyini vurğulayaraq İLESAM-ın fəaliyyəti barədə məlumat verib. Natiq bildirib ki, gələcəkdə Bakı Dövlət Universiteti ilə də bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb.
Mehmet Nuri tədbirdə öz şeirlərindən oxuyub, müəllim və tələbələrin suallarını cavablandırıb. Səmimi cavabları ilə tədbir iştirakçılarını həm güldürən, həm duyğulandıran şairin şeirləri Filologiya fakültəsinin “Sabah” qrupunun II kurs tələbələri Nərminə Xanəliyeva və Nigar Cəfərzadə tərəfindən səsləndirilib. İLESAM Azərbaycan təmsilçiliyinin rəhbəri Xəyal Rza da öz növbəsində qurumun Azərbaycanda gördüyü dəyərli işlərdən söz açıb. Sonda fakültə adından Mehmet Nuri Parmaksıza hədiyyələr təqdim olunub.
