Home AZ | EN | RU

“Türkoloji araşdırmalar” ETL-in fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş elmi seminar

04/05/2022

BDU-nun Filologiya fakültəsində “Türkoloji araşdırmalar” ETL-in fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda dekan müavinləri – Ülviyyə Hüseynova və Anar Fərəcov, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Səbinə Vəliyeva, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşları – İlhamə Hacıyeva və Sədaqət Abduləzizova, Türkologiya kafedrasından dosent Gülxanım Vəliyeva və Şəbnəm Abbasova, həmçinin “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Ülviyyə Hüseynova laboratoriyanın 10 illik fəaliyyəti ilə bağlı hesabat xarakterli məlumat verib. Bildirib ki, özünün də 10 il çalışdığı bu laboratoriya mərhum dilçi alim, akademik Tofiq Hacıyevin rəhbərliyi ilə 2010-cu ildə təsis olunsa da, fəaliyyətə 2012-ci il mayın 01-dən başlayıb. Bu müddətdə ETL-də türkologiyanın aktual problemlərinə həsr olunmuş elmi tədqiqat işləri aparılıb, həmmüəllifli monoqrafiya nəşr olunub, xeyli sayda elmi konfranslar keçirilib, müxtəlif xarici ölkələrin universitetləri ilə əlaqələr yaradılıb.
Seminarda Ülviyyə Hüseynova “Türk dillərinin leksik quruluşu”, Ramil Bayramov “Türk xalqlarında əlifba və termin məsələləri”, Pərvin Eyvazov isə “Bəkir Çobanzadə və türkoloji dilçilik” adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda ETL əməkdaşlarının həmin mövzular üzrə apardıqları araşdırmaların məzmunu müxtəsər şəkildə şərh olunub, türk dillərinin arxaik leksik qatı, mənşəcə tərkibi, müasir vəziyyəti ilə bağlı elmi-nəzəri görüşlərdən, türk dünyasında ortaq ünsiyyətin genişləndiyi bir dönəmdə türkcələrdə işlənən ortaq leksik vahidlərdən, Birinci Türkoloji Qurultayda əlifba və  termin islahatlarından, ümumtürk əlifbası ilə bağlı səsləndirilən fikirlərdən, türk xalqlarında termin yaradıcılığının spesifik cəhətlərindən, B.Çobanzadənin Azərbaycan türkologoiyasına gətirdiyi yeniliklərdən, onun XX əsrin əvvəllərində türkoloji tədqiqatların akademik istiqamət almasında və bu sahədə ilk yüksəkixtisaslı kadların hazırlanmasındakı rolundan ətraflı bəhs olunub.
Sonra seminar iştirakçıları - Anar Fərəcov, Səbinə Vəliyeva, İlhamə Hacıyeva və başqaları laboratoriyanın elmi fəaliyyəti və məruzələrdə səsləndirilən məsələlərlə bağlı fikirlərini bölüşüb, çıxışları yüksək qiymətləndirərək ETL əməkdaşlarına uğurlar arzulayıblar.

Bookmark and Share