Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Moskvada nəşr olunub
01/10/2018Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının «Ölüm yuxusu» («Сон забвения») adlı kitabı Moskvada nəşr olunub. Nəfis şəkildə «Mısl» nəşriyyatında yayınlanan kitaba müəllifin eyniadlı povesti, son dövrlərdə qələmə aldığı iki heka¬yəsi daxil edilib. Povest və hekayələri rus dilinə Cavid Abbaslı çevirib.
Qeyd edək ki, bu, müəllifin rusdilli oxucularına təqdim olunan ilk kitabıdır. Bundan öncə, yazıçının «İnsan dənizi» romanı, ayrı-ayrı hekayələri Rusiya, Ukrayna və Belorusiyanın müxtəlif ədəbi dərgilərində, habelə Avropa və Amerikanın rusdilli mühacirət mətbuatında dərc olunub.
Yazıçının şərti- metaforik üslubda qələmə alınmış «Ölüm yuxusu» povestində kənd qəbiristanlığının köçürülməsi fonunda cəmiyyət həyatında baş verən mənəvi-əxlaqi problemlər bədii mənzərəsini tapıb. Kitaba daxil edilmiş «Külq qəfəs» və «Zolaqlı yuva» hekayələri isə özünə¬məxsus yazı tərzi ilə seçilməkdədir.
Azərbaycan mühacirət irsi ilə bağlı bir çox dəyərli araşdırmaların müəllifi professor Salavat İshakov kitaba yazdığı ön sözdə povest və hekayələrlə bağlı düşüncələrini belə ümumiləş¬dirib: «Faciəvi və kədərli hadisələrlə müşayiət olunan personajların taleyi cəmiyyəti narahat edən ciddi sosial və mənəvi-əxlaqi problemlər kontekstində aşkarlanır. Bədii mətnin mürəkkəb strukturu, fəlsəfi mahiyyəti, təsvir və təhkiyə özəllikləri yazıçının bənzərsiz yaradııcılıq üslubunu şərtləndirir».
Kitab İnessa Lovkovanın redaktorluğu ilə nəşr edilib.
