Home AZ | EN | RU

Mərkəzi Elmi Kitabxana BDU-nun Filologiya fakültəsinin tələbələrini mükafatlandırıb

28/01/2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir. MEK-in direktor müavini Elnur Eltürk bildirib ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbə və magistrantları “Vikipediya” Metodik Mərkəzinin təlimlərində fəal iştirak ediblər.  
Tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılıb. Onlara, həmçinin “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova bildirib ki, ilkin mərhələdə təlimlərə fakültədən 5 tələbə nəzərdə tutulsa da, sonra könüllülərin sayı artaraq 10 nəfər olub. Tələbə və magistrantlar iki qrupa bölünərək təlimlərdə iştirak etməyə başlayıblar.
Təlimləri başa vuran tələbə və magistrantlara: Gülnaz İsaqovaya, Məleykə Mirzəliyə,  Rəvanə Qəhrəmanovaya, Fidan Hüseynovaya, İlknur Pənahlıya, Günay Məmmədzadəyə,  Elmira Mehralıyevaya, Mərziyyə Behbudovaya, Ülviyyə İbrahimovaya, Sürəyya Bayramovaya  “Vikipediya”da yaratdıqları məqalələrə görə MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.
Ölkədə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini göstərir. Təlimlərin nəticəsi olaraq, son illər “Vikipediya”nın Azərbaycan bölməsində məqalələr yenilənir və etibarlı mənbələrlə zənginləşir. BDU-nun tələbələri “Vikipediya”da filologiya sahəsində onlarca məqalə yaradaraq bu işə öz töhfələrini verirlər. Təlimlərdə iştirak edən könüllülər “Vikipediya”da ədəbiyyat və filologiya mövzusunda məqalələrin yaradılması, redaktəsi və boşluqların aradan qaldırılması ilə bağlı fəaliyyət göstərəcəklər.

AZƏRTAC

Bookmark and Share