Home AZ | EN | RU

Tələbəmiz Fatimə Fətullayeva yazır: “Xalqımız savaş əzmi, qələbə eşqi ilə yaşayır”

07/10/2020

Bu gün Azərbaycanın doğma və əzəli torpağı olan Qarabağda Vətən müharibəsi hökm sürür. Bu çətin və ağrılı, ancaq bir o qədər də qürurlu günlərdə mən də bir Azərbaycan vətəndaşı kimi kiçik bir yazı hazırlayıb fikirlərimi bölüşmək qərarına gəldim.
28 ildən artıqdır ki, torpaqlarımızın bir hissəsi düşmən tapdağı altındadır. İllərdir ki, Azərbaycan xalqı vətən həsrəti ilə alışıb-yanır. On gündən çoxdur ki, cəbhədə gedən döyüşlərin səbəbi qaniçən düşməni məhv etmək, içimizdə yanan həsrəti söndürmək və Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Həm də biz 1988-1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsində şəhid olan, əsir götürülən və vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qisasını alırıq.
Son günlər sosial şəbəkələrdə paylaşılan erməni əsgərinin ah-naləsi və fəryadı bir insan olaraq mənim vicdanımı titrətdi. Daha sonra isə mən o titrəyən vicdanımın səsindən utandım. Bunun səbəbi çox açıq və aydındır. Xocalı soyqırımında körpələrin, qadınların və qocaların yaşadığı o ağlasığmaz anlar düşmən əsgərinin fəryadından daha ağrılı və acılıdır mənə görə. Bu gün biz bir yumruq olub qaniçən düşmənə göz açdırmamalıyıq. Hal-hazırda biz tələbələr Vətənin igid əsgərlərinə mənəvi dəstək olmalı və bu yolda əlimizdən gələni əsirgəməməliyik.
Qardaşı Vətən keşiyində olan bir bacı kimi mən də bütün əsgərlərimizin qələbə sevinci ilə sağ-salamat ailələrinin, sevdiklərinin yanına dönməsini arzu edirəm.
Düşmən qarşısına qorxmadan çıxan, mərd və cəsur addımlarla irəli gedən Azərbaycan əsgəri bizim fəxrimiz, qürürumuzdur. Vətən qarşısında olan borclarını layiqincə yerinə yetirən bu igidlər bizim bugünkü sevincimizin və qələbəmizin əsas səbəbidir.
Bu gün xalqımız savaş əzmi, qələbə eşqi ilə yaşayır. Cəbrayıl torpağında və Qarabağın bir çox kəndlərində asılan üçrəngli bayraq Laçında, Xankəndidə, Şuşada və digər işğal olunmuş rayonlarımızda dalğalanacaq. Mən Azərbaycanın igid oğullarının bu arzularımızı yaşadacağına inanıram və güvənirəm.
Vətən sağ olsun!!!

 

Bookmark and Share