Home AZ | EN | RU

Yazıçı-ədəbiyyatşünas Nəcəf Nazimin 100 illiyinə həsr olunmuş elmi seminar

29/03/2022

Martın 29-da BDU-nun Filologiya fakültəsində “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in təşəbbüsü ilə görkəmli pedaqoq, yazıçı-ədəbiyyatşünas və publisist, professor Nəcəf Nazimin 100 illiyinə həsr olunmuş “Nəcəf Nazimin həyat və yaradıcılığı” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşı Sədaqət Abduləzizova və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları iştirak ediblər.
Seminarda “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova “Nəcəf Nazimin həyat və yaradıcılığı” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Nəcəf Nazim (Quliyev) həyatın ən əzablı, keşməkeşli yollarından qürurla, alnıaçıq keçərək şərəfli və ləyaqətli bir ömür yaşayıb. 1941-1945-ci illərdə könüllü olaraq müharibəyə yollanıb, döyüş  komandiri, kəşfiyyat hissə rəisi kimi Qafqaz uğrunda döyüşlərdə iştirak edib və iki dəfə ağır yaralanıb. Məhz bu fəaliyyəti onun sonradan yaranacaq ədəbi irsinə çox böyük təkan verib. Onun bədii və elmi yaradıcılığının əsas qolunu müharibə mövzusu təşkil edir. «Vətənpərvərlik və qəhramanlıq motivləri», «Vətən və xalq naminə», «Müharibə və poeziya», «Böyük Vətən müharibəsi və Azərbaycan sovet poeziyası», «Cəbhə yolları», «Ölümdən o yana»,  «Siz kimsiniz polkovnik?» sənədli  povestləri, «Müqəddəs anda  sədaqət»  və s. kimi əsərləri məhz bu silsilədəndir. Sovet dövrünün qadağan etdiyi mövzuların Nəcəf Nazimin bədii yaradıcılığında mühüm yer tutması onun cəsarətindən xəbər verir. Yazıçının  Nazim  Hikmətin həyatından bəhs edən “Yana-yana” əsəri də bu cəsarətli addımlarından biri kimi dəyərləndirilməlidir. Nəcəf  müəllim özünə  «Nazim»  təxəllüsünü məhz Nazim Hikmətə olan sonsuz  sevgisinin təcəssümü  kimi  götürüb.
Həmçinin məruzədə Nəcəf Nazimin XIX əsrin görkəmli şairi, pedaqoqu və ictimai xadimi olan Mir Mehdi Xəzanini ilk dəfə ədəbiyyat aləminə tanıtması və əsərlərini 50.000 tirajla çap etdirərək, oxucuların sərancamına verməsi ədəbiyyatşünaslığın ən böyük tapıntısı kimi dəyərləndirilib.
Sonra dekan müavini Mehriban Əlizadə, iştirakçılardan Samirə Məmmədova, Təranə Ağamalıyeva və Sədaqət  Abduləzizova mövzu ilə bağlı çıxışlar edib, məruzəçiyə suallar ünvanlayıblar.

Bookmark and Share